BAKI, 27 aprel — Sputnik. Hər il qlobal istiləşmə və onu müşayiət edən quraqlıq xəbərləri, dünyada su və ərzaq qıtlığı ilə bağlı xəbərdarlıqlar getdikcə daha da qorxutucu hala gəlir. Cari il də istisna deyil - qeyri-adi keçən isti qış fəsli, yayda çayların və su anbarlarının yenidən qurumasının gözlənilməsi, su elektrik enerjisi istehsalının azalması və məhsulun məhv olması ilə bağlı həyəcan siqnalı olub.
Dəhşətli xəbərlər Azərbaycandan da yan keçmir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynovanın sözlərinə görə, Azərbaycan Respublikası ərazisində su qıtlığı getdikcə artacaq.
Hüseynova bildirib ki, Azərbaycanda səhralaşma hər il artır və bu da alimlər arasında böyük narahatlıq doğurur. Onun sözlərinə görə, Azərbaycan hazırda 2040-cı ildə su çatışmazlığı ilə üzləşə biləcək ölkələr siyahısında 20-ci yerdədir.
Eyni zamanda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ölkənin su ehtiyatlarının artıq 10% tükəndiyini bəyan edib.
Azərbaycan quraqlığa hazırlaşır
Quraqlığın məhsula mənfi təsirinin azaldılması məsələsində Azərbaycan barmağını nəbzində saxlayır. Belə ki, yeni təyin olunmuş kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə quraqlığa davamlı bitkilərin yetişdirilməsi üzrə tədqiqatların genişləndirilməsi planlaşdırılır, bununla bağlı elmi-tədqiqat institutlarında işlər aparılacaq.
Nazir qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyası yaradılıb.
Quraqlığa davamlı bitkilər üçün əkin sahələrinin artırılması məsələsi, keçən ilin yayında dənli bitkilərin quraqlıqdan çox təsirləndiyini nəzərə alsaq xüsusilə aktualdır. Ötən ilin yayında Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İnam Kərimov mətbuata açıqlamasında bildirib ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə olunan güclü quraqlıq nəticəsində 100 min hektara yaxın sahədə dənli bitkilər məhv olub. Ümumilikdə 2022-ci ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə dənli bitkilər əkilib.
Kərimov hələ o zaman bənzər vəziyyətin ölkədə 2020-ci ildə müşahidə olunduğunu bildirib və gələcəkdə də bunun təkrarlanacağı ilə bağlı xəbərdarlıq edib.
Su kanalı, arxiv şəkli
© Sputnik
Ekspertlər bir həll tapdılar
Quraqlıq şəraitində kənd təsərrüfatı bitkilərin inkişafında aparılan çoxsaylı tədqiqatlar zamanı ekspertlər məhsulun məhv olmasının qarşısını almağa kömək edən bir neçə amili müəyyən ediblər.
Belə ki, ilk növbədə "McKinsey & Company" beynəlxalq konsaltinq şirkətinin ekspertləri nəzarət olunan və ya daha səmərəli irriqasiya sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatında dövriyyə su təchizatının artırılması və uzunmüddətli iqlim tendensiyaları əsasında regionda müəyyən məhsulun yetişdirilməsinin yararlılığının təhlili kimi məqamları özündə əks etdirən tədbirlər kompleksini tətbiq etməyə çağırırlar.
Bundan əlavə, quraqlığa davamlı genetikada innovasiya bazasının yaradılması və inkişafı səmərəli hesab edilir.
"McKinsey & Company" şirkətinin analitikləri həmçinin dövlət sektorunun əkinçilikdə quraqlığa davamlı üsullardan istifadə edəcək fermerlər üçün imtiyazlar və təşviq sisteminin hazırlamasının vacibliyini qeyd edirlər.
Dövlətlərə həmçinin ekstremal hava hadisələrindən qorunmaq və əhalinin fasiləsiz təchizatını təmin etmək üçün anbarların təkmilləşdirilməsi üzrə su anbarları və bəndlər kimi yeni su infrastrukturu qurmağa tövsiyə olunur.
Azərbaycanın üçün İsrailin faydalı təcrübəsi
Quraqlığa davamlı bitkilər üçün əkin sahələrinin genişləndirilməsi məsələsində İsrailin təcrübəsi Azərbaycan üçün əvəzsiz ola bilər. İsrail son dərəcə çətin şəraitdə - səhrada, məhdud su ehtiyatlarında və isti havada ölkəni kənd təsərrüfatı cənnətinə çevirmək potensialına malik olmayan kənd təsərrüfatı sektorunun inkişafında təsirli uğurlar əldə edə bilib.
İsraildə kənd təsərrüfatı sektorunun səmərəli inkişafına bir sıra amillər öz töhfəsini verib ki, bunlar arasında da təxminən yüz il əvvəl kənd təsərrüfatı sahəsində bu gün dünyanın ən böyük elmi-tədqiqat və inkişaf institutu olan Kənd Təsərrüfatı Tədqiqatları Təşkilatının (ARO) yaradılması olub.
ARO-da, digər məsələlərlə yanaşı, quraqlıq şəraitində və az məhsuldar torpaqlarda əkinçilik kimi sahələri öyrənilir, quru iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatı bitkilərinin yeni növlərinin yetişdirilməsi və inkişafı istiqamətində tədqiqatlar aparılır. Kənd təsərrüfatı üçün intellektual və texnoloji həllər nəticəsində İsrail demək olar ki, 95% qida məhsulları ilə özünü təmin etməyə nail olub.
Akademik V.L.Komarov adına Sankt-Peterburq Nəbatat bağı
© Sputnik / Алексей Даничев
/ İsrail şirkətləri daha da irəliləyiblər və bu gün onlar Ölü dənizdəki mikroorqanizmlərin genlərindən quraqlığa davamlı bitkilər yaradırlar – İsrail şirkətlərindən biri Ölü dənizdən torpaq nümunələri götürüb və onlardan səhrada sağ qalan mikroorqanizmlərdən milyonlarla gen çıxarıb. Bu genlərdən daha çox quraqlığa dözümlü bitkilərin, xüsusən də dənli bitkilərin yaradılması üçün istifadə ediləcəyi gözlənilir.
İsrail əldə etdiyi nailiyyətləri tərəfdaş ölkələrlə də bölüşməyə hazırdır. Xüsusilə fevral ayında Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda Azərbaycan-İsrail innovasiya forumu keçirilib. Forumda müzakirə olunan məsələlərdən biri də məhz Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sektorunda müasir innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq və azərbaycanlı mütəxəssislərin İsrailin ixtisaslaşmış institutlarında təhsili olub.
Ümumiyyətlə, Azərbaycanın kənd təsərrüfatı sektorun inkişafı istiqamətində innovativ həllərin işlənib hazırlanmasına yönəlmiş addımların ölkənin belə bir qorxu ilə gözlədiyi qlobal quraqlığın qarşısını almaq olmasa, heç olmasa, nəticələrini azaltmağa imkan verəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.