CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

9 may Qələbə günü ilə bağlı anım tədbirləri keçiriləcək - Açıqlama

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri bildirib ki, hazırda Azərbaycanda İkinci Dünya müharibəsinin ən yaşlı yadigarı 107 yaşındadır.
Sputnik
BAKI, 27 aprel — Sputnik. İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Azərbaycanda Sovet İttifaqı qəhrəmanlarının anım tədbirləri keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Qələbə günü təntənəli şəkildə qeyd olunacaq:

"Bizim təşkilatın rayon şöbələri müharibə qəhrəmanlarının abidəsini ziyarət edərək önünə gül dəstələri qoyacaq. Təşkilat may ayının 9-da səhər saat 09:00-da Ulu Öndər Heydər Əliyevin məzarını ziyarətlə Qələbə gününün anım tədbirlərinə start verəcək. Daha sonra Dağüstü Parkda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edəcək. Bu tədbirlər gün boyu davam edəcək".

C.Xəlilov onu da bildirib ki, hazırda Azərbaycanda İkinci Dünya müharibəsinin ən yaşlı yadigarı 107 yaşındadır.
C.Xəlilov bildirib ki, Azərbaycanda ali səviyyədə 1941–1945-ci illərdə döyüşmüş müharibə iştirakçılarına, onların ailələrinə qayğı var. O, prezident İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 2023-cü il 26 aprel tarixli Sərəncamının həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının daha bir təzahürü olduğunu bildirib.

"Veteranlara göstərilən dövlət qayğısı və onlara münasibət Heydər Əliyev dövründə yüksək səviyyəyə qaldırılıb. Ulu Öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Bu qayğı bu gün onun layiqli siyasi davamçısı İlham Əliyev tərəfindən davam etdirilir", - deyə polkovnik bildirib.

Qeyd edək ki, dünən imzalanmış Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək. Beləliklə, Sərəncam 3729 şəxsi əhatə edəcək.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.