BAKI, 26 aprel — Sputnik. ABŞ Sudandakı vəziyyətə müdaxilə etməyə, ölkəni daha da kiçik hissələrə bölməyə çalışacaq, bu planlara Türkiyə, Rusiya və Çin qarşı çıxmalıdır. Bunu türkiyəli tarixçi Mehmet Perincek RİA Novosti-yə bildirib.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalıların Sudanın iki yerə bölünməsini xarici siyasət prioritetlərindən biri hesab etdiklərini və yeni iki dövlətin birgə yaşamalarına hər cür kömək etməli olduqlarını bildirsə də, Sudan və Cənubi Sudan rəhbərliyinə qarşı sanksiyalar elan edib. Lavrovun fikrincə, bu geosiyasi "mühəndislik" yaxşı yerə aparmır.
"Afrikanın Qərbin maraq dairəsində olması yeni deyil. ABŞ və onun Fransa başda olmaqla müttəfiqləri Afrikada neokolonizmi dirçəltməyə çalışır, onların müstəqillik uğrunda mübarizəsini "beşikdəcə boğmaq" istəyirlər. Bunun qarşısını almaq üçün qitədə Rusiya, Türkiyə və Çin daha təsirli olmağa başlayıb. Rusiya hərbi, Çin iqtisadi, Türkiyə isə diplomatik və iqtisadi faəliyyəti seçib. Bu ölkələrin Afrikada varlığı neokolonizm deyil , qarşılıqlı əməkdaşlıqdır", – tarixçi bildirib.
Onun sözlərinə görə, ABŞ və Fransa bu mövcudluğun qarşısını almağa çalışır.
"İndi Afrika ölkələri yeni müstəmləkəçiliyə yox deyir. Vaşinqton, şübhəsiz ki, Sudandakı vəziyyətə müdaxilə etməyə çalışacaq, lakin terrorun bütün regiona yayıldığı Liviyada bunun nəyə gətirib çıxardığını artıq görmüşük. Sudan həm Rusiya ilə, həm də Türkiyə ilə sıx əlaqədədir. İndi ABŞ Sudanı daha da kiçik hissələrə bölmək üçün hər şeyi etməyə çalışacaq. Bu planlara Moskva, Pekin və Ankaranın birgə fəaliyyəti cavab verməlidir", - tarixçi bildirib.
Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan xüsusi təyinatlı qüvvələr ilə nizami ordu arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.
Sudanın səhiyyə nazirinin sözlərinə görə, ölkədə baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 600-ə çatıb.Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris cümə günü Cenevrədə BMT-nin həftəlik brifinqində bildirib ki, sudanlılar arasında toqquşmalarda 413 nəfər ölüb, 3551 nəfər yaralanıb. Sudan həkimlər həmkarlar ittifaqının məlumatına görə, toqquşmalar başlayandan bəri 256 mülki şəxs həlak olub, 1454 nəfər yaralanıb.