BAKI, 26 aprel — Sputnik. 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə olunmasından 41.8 milyon ABŞ dolları xalis zərər edib.
AMB-nin illik hesabatına əsasən, qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməyib. Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızlarının bütün seqmentləri üzrə qiymətlər düşüb.
Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına gətirib çıxarıb.
Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər -41.8 mln. ABŞ dolları, gəlirlilik isə -0.53% olub.
Qeyd edək ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcək.
2022-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil edib. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib.