BAKI, 25 aprel — Sputnik. Ukrayna tanınmamış Kosovonun Avropa Şurasına (AŞ) qoşulması ilə bağlı səsvermədə tutduğu mövqe ilə Serbiyanı xoşagəlməz şəkildə təəccübləndirib ki, bu da Serbiyanın ərazi bütövlüyü məsələlərinə münasibətinə təsir göstərə bilər. Bu barədə Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç bildirib.
"Ukrayna bizi xoşagəlməz şəkildə təəccübləndirdi, çünki bütün bu Ukrayna münaqişəsinin tarixi Ukraynanın ərazi bütövlüyü məsələsi üzərində qurulub. Xarici siyasət qarşılıqlılığa əsaslanır, bu, əlbəttə ki, həmin ölkələrin ərazi bütövlüyü ilə bağlı bizim mövqeyimizə təsir edəcək", - Daçiç bildirib.
XİN rəhbəri qeyd edib ki, Rusiya AŞ-nı tərk edəndən sonra Avropa Şurası dəyişib. Daçiç Kosovonun AŞ-yə qəbul edilməsinin əleyhinə səs verən hər kəsə, o cümlədən Aİ-nin üzvü olan ölkələrə - İspaniya, Kipr, Rumıniyaya təşəkkür edib.
Aprelin 24-də Nazirlər Komitəsinin növbədənkənar iclasında Priştinanın Avropa Şurasına üzvlüklə bağlı müraciəti qəbul edilib. Sorğu əlavə baxılması üçün bu qurumun Parlament Assambleyasına göndərilib.