BAKI, 25 aprel — Sputnik. Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlarla qarşılıqlı əlaqəsi üçün "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətlidir. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "İnnoprom. Mərkəzi Asiya" sərgisinin iştirakçılarına müraciətində deyib.
Bazar ertəsi Daşkənddə üç günlük "İnnoprom. Mərkəzi Asiya" sərgisi açılıb. Sərginin ekspozisiyasında Rusiya, Özbəkistan və digər MDB ölkələrindən 300-dən çox şirkət təmsil olunur.
"Özbəkistan regional layihələri qətiyyətlə səstəkləyir. Məhz bu məqsədlər üçün biz Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq qərarına gəldik", - Mirziyoyev bildirib.
Özbəkistan prezidentinin sözlərinə görə, bu dəhliz Mərkəzi Asiyanın xarici ölkələrlə nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə yönəlib.
Mirziyoyev həmçinin hesab edir ki, Şimal-Cənub dəhlizi kimi marşrutlar effektiv ticarət logistika zəncirləri yaradacaq və malların beynəlxalq bazarlara çatdırılması üçün optimal marşrutlar formalaşdıracaq.
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).