BAKI, 25 aprel — Sputnik. Ermənistanda 756 nəfərə qarşı 44 günlük müharibə və hərbi vəziyyət zamanı hərbi hissələri icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina etmə maddələri ilə ittiham irəli sürülüb. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.
Bundan əvvəl Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirmişdi ki, 44 günlük müharibə zamanı "bizdə 11 min fərari var idi".
Baş Prokurorluğun məlumatına görə, 44 günlük müharibə və hərbi vəziyyət dövründə (27 sentyabr 2020-ci il tarixindən 24 mart 2021-ci il tarixədək) hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə (maddə 361) maddələri ilə, Ermənistan Cinayət Məcəlləsinin fərarilik (maddə 362) və hərbi xidmətdən imtina (maddə 364), habelə digər maddələrlə birlikdə 10 687 şəxs barəsində 1786 cinayət işi başlanıb.
İbtidai istintaq zamanı icraatın birləşdirilməsi nəticəsində onların sayı hazırda 226-dır.
Müvafiq olaraq 180, 132, 444-cü maddələr üzrə vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib. 143 şəxslə bağlı 118 iş məhkəməyə göndərilib.
Məhkəməyə göndərilmiş 118 işdən 58-i (təqsirləndirilən şəxslərin sayı 64-dür) üzrə məhkəmə prosesi başa çatıb, məhkəmə qərarları qəbul edilib. Daha 60 iş (müttəhimlərin sayı 79-dur) məhkəmə mərhələsindədir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Akopyanın bəyanatını şərh etməkdən imtina etmişdi.