BAKI, 25 aprel — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibəni araşdıran parlament komissiyasının işində iştirakdan imtina edir. Bu barədə sabiq nazirin yaydığı məlumatda deyilir.
Bir müddət əvvəl parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın 44 günlük müharibədəki hadisələrin araşdırılması üçün parlamentin İstintaq Komissiyasının iclasında iştirakı ilə bağlı cavab gözlədiyini bildirib. Komissiya 2022-ci ilin yanvarında yaradılıb və müharibədə məğlubiyyətin səbəblərini və amillərini öyrənmək üçün nəzərdə tutulub.
"Əsas səbəb odur ki, 44 gün davam edən döyüş əməliyyatları, əvvəlki və sonrakı hadisələrlə bağlı məlumatlar məxfiləşdirilib. Əsassız və qanunsuz həbs olunduğuma görə onunla tanış ola bilmirəm", - deyə Tonoyan bildirib.
David Tonoyan onu da qeyd edib ki, komissiyaya dəqiq məlumat və faktlar təqdim etmək üçün müvafiq məlumatlara malik olmaq lazımdır. Keçmiş müdafiə naziri bildirib ki, 20 noyabr 2020-ci il tarixindən etibarən müdafiə idarəsinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və o, 1 il 7 aydır ki, təcrid olunub.
Sabiq nazirin sözlərinə görə, onun mətbuatla ünsiyyətinə də qadağa qoyulub ki, bu da onu ictimaiyyəti narahat edən problemlərə media vasitəsilə cavab vermək imkanından məhrum edir.
"Komissiyanın iclaslarında müstəqil ekspertlərin və müxalifət fraksiyaların nümayəndələrinin iştirak etməməsi onun obyektivliyi ilə bağlı suallar doğurmaqla yanaşı, həm də siyasi spekulyasiya, böhtan və dedi-qodular üçün münbit zəmin yaradır", - deyə Tonoyan bildirib.
Keçmiş nazir istintaq komissiyasının rəhbəri Andranik Köçəryanın "noyabrın 9-dan sonra mənə və Silahlı Qüvvələrə ünvanladığı məsuliyyətsiz ifadələri nəzərə alaraq" qərəzsizliyinə də şübhə etdiyini bildirib.
Qeyd edək ki, Tonoyan sursat tədarükü zamanı sui-istifadədə ittiham olunur və hazırda istintaq təcridxanasında saxlanılır.
Xatırladaq ki, komissiya təxminən bir il əvvəl yaradılıb, ona parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan rəhbərlik edir.
Komissiya üzvləri artıq əməliyyat idarəsinin rəisi vəzifəsində çalışmış hazırkı Baş Qərargah rəisi Edvard Asryanın, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın və Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin arqumentlərini dinləyiblər.