BAKI, 24 aprel - Sputnik. Prezident İlham Əliyevin 2022–ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda bu əlamətdar hadisə ilə əlaqədar respublikamızda və dünyanın bir sıra ölkələrində silsilə tədbirlər davam etdirilir. Bu fikirləri Azərtac-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, Ulu Öndər həm Azərbaycana rəhbərliyinin birinci, həm də ikinci dövründə özünün zəngin idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi, xalqına, millətinə olan hədsiz sevgisi, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızda siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirib, əlaqələrini genişləndirib. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.
Ulu Öndərin düşünülmüş və cəsarətli qərarları təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Respublikaya rəhbərlik etdiyi hər iki dövrdə ittifaq miqyasında bütün sahələrdə ən geridə qalan respublika kimi tanınan Azərbaycanı tədricən birincilər sırasına çıxarmağa nail olub.
Komitə sədri onu da deyib ki, 1993-cü ilin ikinci yarısına qədər respublikamız, demək olar ki, bütün sahələr üzrə uçurumun bir addımlığında idi. Ölkə iqtisadi cəhətdən məhv olmaq həddinə çatmışdı.
"Min bir zəhmət hesabına tikilib ərsəyə gəlmiş zavod və fabriklər, istehsal müəssisələri hakimiyyətdə olanların səriştəsizliyi, naşılığı ucbatından məhv edilirdi. Onlar hələ də dərk edə bilmirdilər ki, iqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan dövlət heç zaman güclü, qüdrətli ola olmaz. Dövlətin inkişafı, mövqeyinin möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması onun iqtisadi inkişafından bilavasitə, asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanların mövcud olmasına baxmayaraq, dövlət idarəçiliyində naşı olanlar vəziyyəti getdikcə ağırlaşdırırdılar. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin ikinci yarısından respublikaya rəhbərliyə başladığı gündən Azərbaycanda iqtisadi inkişafı prioritet vəzifə kimi qarşıya qoydu. Müdrik şəxsiyyət respublikanın tənəzzül içərisində boğulduğunu çox yaxşı görürdü. Ulu Öndər yaxşı bilirdi ki, iqtisadi cəhətdən qüdrətli olmayan dövlət heç nəyə nail ola bilməz".
Bütün bunları dərindən təhlil edən Heydər Əliyev belə deyib:
“Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Ç.Qənizadə Ümummilli Liderin 1993-cü il sentyabrın 28-də Bakı kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqindəki çıxışından bəzi məqamları xatırladaraq bildirib ki, Ulu Öndər həmin çıxışında ölkənin iqtisadi vəziyyətini təhlil edib.
Deyib ki, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir:
"Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm".
Hüquq müdafiəçisi vurğulayıb ki, həmin vaxtdan başlayaraq, iqtisadi sahədəki inkişaf respublikanın bütün sahələrinin dirçəldilməsində mühüm rol oynayıb. Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 müşavirə keçirib, bu sahədə problemlərlə şəxsən yaxından tanış olub. Müşavirədə təkcə rəhbər orqanlar deyil, alimlər, aqrar sahədə mütəxəssislər iştirak edirdilər. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. Ulu Öndər qəti olaraq bildirirdi ki, Azərbaycan sərbəst iqtisadiyyata keçməlidir və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik. Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verirdi. Məhz Ulu Öndərin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı. Yeni neft strategiyasının uğurlu icrası sayəsində ölkəmiz iqtisadi imkanlarını daha da artırdı, Avropanın etibarlı tərəfdaşına çevrildi. Müdrik şəxsiyyət qəti olaraq bildirdi ki, Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir.
Hüquq müdafiəçisi bildirib ki, bu müqavilədən sonra Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi əlaqələri gücləndi, iqtisadi qüdrəti getdikcə artdı. Daha mükəmməl addımlardan biri də sahibkarlığın inkişafına diqqət və qayğının gücləndiriməsi oldu. Ulu Öndər sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edirdi. Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadir olduğunu təsdiqlədi.
Komitə sədri bildirib ki, respublikamızın iqtisadi qüdrətinin artırılmasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri mühüm rol oynayıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. Eyni zamanda, Qafqazda, xüsusilə, Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biri idi.
“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünyanın iqtisadi gücə malik dövlətlərindən birinə çevirib. Hazırda Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən biridir. 2020-ci ilin noyabrında Ermənistan üzərində qazandığımız tarixi Qələbə ilə 30 illik işğala son qoyulmasının əsas səbəblərindən biri də güclü, qüdrətli iqtisadiyyata malik olmamız idi. Bu gün də Azərbaycan dünyada güclü iqtisadiyyata malik ölkə kimi tanınır”, - deyə Ç.Qənizadə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.