BAKI, 24 aprel - Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu barədə Milli Məclisin Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatına münasibətində deyilir.
Bildirilir ki, bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
"Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir", - deyə bəyanatda əlavə olunur.
Qeyd olunur ki, Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır:
O da bildirilir ki, Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.
"Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - MM-dən bildirilib.