BAKI, 23 aprel — Sputnik. Şəkidə hamı onu xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyır. Taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil Rəhman Kamiloğlu 20 ildən çoxdur ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur. Bədii tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyət sahəsi olsa da, bu sənət xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlayıb.
Rəhmanın uşaqlığı çox çətin və qayğılı keçib, erkən yaşlarında valideynlərini itirib. O, uşaqlıqdan dolanışığını təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyub. Şəkinin tanınmış sənətkarlarından rəssamlığın, bədii tikmə sənətinin sirlərini öyrənərək qısa müddətdə xovlu tikmənin mahir ustalarından birinə çevrilib.
Rəhman Kamiloğlu
© Photo : AZƏRTAC
Anadangəlmə nitq problemi olan Rəhman Kamiloğlu əl işlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu təşkil edir.
Onun sözlərinə görə, bu sənətə olan sevgisinin mənbəyi Van Qoqdur. O, deyir ki, Van Qoqun əsərlərində sanki özünü görür:
"Adını incəsənət tarixinə qızıl həriflərlə yazmış istər yerli, istərsə də xarici görkəmli rəssamlar çox olub. Onlar haqqında sənədi filmlər və kinolara çox baxıram. Rəssamlar haqqında ən sevdiyim filmlər isə Van Qoq haqqında çəkilən "Yaşamaq yanğısı", eləcə də "Vinsent və Teo" filmləridir. O filmlərə baxmaqdan doymuram və bu, məni çox təsirləndirir".
Rəhman Kamiloğlunun əl işi
© Photo : AZƏRTAC
Müsahibimiz bildirir ki, bu sahənin inkişaf etməsi və unudulmaması təkcə sənətkardan aslı deyil. Qədim peşələrin unudulmamasında dövlətin və cəmiyyətin birbaşa rolu var:
"Bu sahə sadəcə sənətkardan asılı deyil. Eyni zamanda cəmiyyətin və dövlətin fəalliyətindən asılıdı. Elə sahələr var ki, hazırda heç kimə lazım deyil. Halbuki öz dövründə sözünü deyən sənət sahəsi olub. Sənətkar indi o sənət sahəsi ilə məşğul olur, amma maddi cəhətdən məhsul satılmayanda, zamanla uzaqlaşır. Bu da sənətin unudulmasına gətirib çıxarır".
Rəhmanın əsas ilham qaynağı doğulduğu diyarın təbiəti, xüsusilə də tarixi məkanlarıdır:
"Mən də öz sahəmdə dünyada Şəkini tanıtmaq istəyirəm. Bu arzu mənə stimul verir. Şəkini görməyən, tanımayan hansısa bir xarici vətəndaş mənim əl işimi alıb öz ölkəsinə aparanda "mən Azərbaycana getdim, xüsusən də Şəkidə oldum, bu da onun bir parçasıdı" deməsi mənim ilham qaynağımdır".
Həmsöhbətimiz vurğulayır ki, istənilən sahəni dərindən öyrənməsən, maddi gəlir əldə edə bilməzsən. Öncə sənəti öyrənmək lazımdır. Öyrəndiyi və sevdiyi peşə sənətkarı həmişə əli çörəkli edir:
Rəhman Kamiloğlunun əl işi
© Photo : AZƏRTAC
"Hansı sahə olursa olsun, fərqi yoxdur, gərək o səhənin vurğunu olsan, onu ürəkdən sevəsən. Nəyinsə xətrinə sənətdə olmaq olmaz. Mənə rəssamlığı öyrədən müəllimimin (indi dünyasını dəyişib) deyirdi ki, "pul xətrinə işləmə, sənət üçün işlə, pul özü səni tapacaq". Bəli bu gün mən nəyinsə xətrinə sənətdə olsaydım, insanların diqqətini cəlb etməzdim. Gənc nəsil asan iş, çox pul istəyir. Bu da təbii ki, zamandan irəli gəlir. Axı biz texnologiya dövründə yaşayırıq. Van Qoqun filminə baxsanız, orada görərsiniz ki, rəssamın sağlığında 5 dollara sata bilmədiyi tablo indi qiymətsiz sənət əsərinə çevrilib. Lap çox uzaq keçmişə getməyək, elə öz rəssamımız Səttar Bəhlulzadənin həyatına baxaq. O da zamanında əsərlərini sata bilməyib".
Rəhman sələflərinin həyatından təsirlənərək yaratmaq üçün stimul əldə edir. İndi qalır onun yaşatmağa davam etdiyi sənət növünü ölməyə qoymamaq: Onun əsərlərinə dəyər vermək, maddi və mənəvi cəhətdən dəstəkləmək, davam etməsi üçün nə lazımdırsa, etmək.