BAKI, 23 aprel — Sputnik. Aprelin 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin orada təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.
"Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib", - deyə müraciətdə qeyd olunub.
Quru sərhədlər ancaq Türkiyədə təhsil alan tələbələr üçün açılıb
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də APA-a açıqlamasında bildirib ki, yalnız Türkiyədə təhsil alan tələbələr Azərbaycana quru sərhədi ilə keçə bilər.
"Quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə yalnız Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına verilib" deyə A. Hacızadə bildirib.
Ayxan Hacızadənin sözlərinə görə, bu qərar Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlıdır: "Təhsilin ikinci semestrdə distant qaydada keçirilməsi ilə bağlı qəbul edilmiş qərara görə hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. Bu qərar digər ölkələrdə təhsil alan tələbələrə şamil edilmir".
Rusiyada təhsil alan tələbələr aviabiletlər baha olduğundan Vətənə gələ bilmir
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı digər ölkələrlə müqayisədə dah çox olsa da, quru sərhədlərin ancaq Türkiyədə təhsil alan tələbələrin üzünə açıqlması birmənalı qarşılanmayıb. Çünki, Azərbaycandan Türkiyə ilə yanaşı digər xarici ölkələrdə, ölkəmizin quru sərhədlərinin olduğu Rusiya və Gürcüstanda da az tələbə təhsil almır. Bəs görəsən quru sərhədlərimiz bu ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin də üzünə açıla bilərmi?
Rusiyanın Stavropol şəhərinin Şimali Qafqaz Federal Universitetinin 2-ci kurs tələbəsi İlahə Qasımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o qiyabi təhsil aldığından ildə iki dəfə Rusiyaya gedib-gəlməlidir. Deyir ki, hava yolu ilə gediş haqqı baha olduğundan, ailəsi onun bilet pulunu ödəməkdə çətinlik çəkir. İ. Qasımova bildirib ki, qış imtahan sessiyasında Rusiyaya gedəndə 1100 manata təyyarəyə ikitərəfli bilet alıb. Yay imtahan sessiyasında gedib- gəlmək üçün bilet ona 1200 manata başa gəlib. O, bildirir ki, halbuki, quru sərhəd açılsaydı 140 manat ona Rusiyaya gedib-gəlməyə kifayət edərdi.
Stavropol şəhərində Rusiya Dövlət Texnologiya Universitetinin 4-cü kursunda əyani təhsil alan Tural Aşurbəyov isə təyyarə biletləri baha olduğundan tətildə də Vətənə gələ bilmir. Onun sözlərinə görə, ildə bir dəfə Azərbaycana gəlmək üçün 1200 manat biletə pul ödəməlidir. Buna isə maddi imkanı çatmır.
"Azərbaycanda yaşlı nənə-babamı görmək üçün çox darıxmışam. Amma aviabiletlər baha olduğundan, ailəmizin bilet almağa imkanı çatmır. Ona görə də, tətillərdə də Rusiyada qalmalı oluram" deyə tələbə bildirib.
Rusiya və Gürcüstanda təhsil alan tələbələrin sayı azalıb
Tələbələr bildirib ki, quru sərhədlərin bağlı qalması, aviabiletlərin baha olması xaricdə təhsil almaq istəyənləri bu fikirdən daşındırır. Onların sözlərinə görə, quru sərhədlər açıq olanda daha çox tələbə Rusiyada təhsil alırdı. Quru sərhədlər bağlanandan onların sayı da azalıb. Tələbələrin dediyini statistik rəqəmlər də təsdiqləyir.
Qeyd edək ki, hazırda Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Rusiya XİN-in nazir Sergey Lavrov Azərbaycana bu ilin fevral ayında səfərində bildirib ki, onlardan 1000-i federal büdcə hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir.
Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB departamentinin rəhbəri Denis Qonçar RİA Novosti-yə müsahibəsində deyib ki, 2022-ci ildə bu rəqəm 11 min olub.
Azərbaycanın quru sərhədinin olduğu Gürcüstanın ali təhsil müəssisələrində isə 903 azərbaycanlı tələbə təhsil alır. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. 2019-2020-ci tədris ilində isə Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1 344 nəfər təşkil edir. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib ki, 2018-2019-cu tədris ili ilə müqayisədə qonşu ölkənin ali tədris ocaqlarında təhsil alan Azərbaycan vətəndaşlarının sayı 780 nəfər azalıb.
Quru sərhədlərlə bağlı qərar Rusiya və Gürcüstanda təhsil alan tələbələrə də şamil olunmalıdır!
Millət vəkili Razi Nurullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın Rusiya, İran, Ermənistan, Gürcüstan və Türkiyə ilə quru sərhədləri var. Quru sərhədlərimizin olduğu Rusiya və Gürcüstanda tələbələrimiz təhsil alır. Ona görə də Rusiya və Gürcüstanla da tələbələr üçün sərhədlərin açılması vacibdir: " Mənə elə gəlir ki, bununla bağlı müzakirələr aparılacaq. Nazirlər Kabineti tərəfindən bu qərar Rusiya və Gürcüstandan gələn tələbələrə də şamil olunacaq. İranla bağlı vəziyyət isə başadüşüləndir, Azərbaycandan bu ölkədə təhsil alan tələbə yoxdur. Amma Rusiya və Gürcüstanla quru sərhədlərin tələbələrə açılmasına ehtiyac var. Hələki may ayının 10-a qədər vaxt var. Çox güman ki, bu məsələ də öz həllini tapacaq".
Xəstələrə də güzəştlə ola bilər
R. Nurullayev həmçinin bildirib ki, quru sərhədlərin Türkiyədə təhsil alan tələbələrə açılması barədə qərar digər vətəndaşlar üçün açılmayacağı anlamına gəlir: "Biz ümid edirdik ki, mayın 1-dən quru sərhədlər açılacaq. Amma gözlədiyimiz kimi olmadı. Hər halda hökumətin bu qərarı verməsinə bir əsaslı səbəbi var. Çünki, hazırda buna səbəb pandemiya deyil. Azərbaycan çox çətin dövrdən keçməkdədir. Ölkəmizə dişini qıcayan qüvvələr var. Bu Azərbaycanın təhlükəsizliyinin qorunması və xain qüvvələrin ölkəmizə ayaq açmasının qarşısının alınması üçün atılmış addım kimi də qiymətləndirilə bilər. Hökumətin bununla bağlı daha ciddi məlumatları ola bilər. Ona görə, onların bu qərarına hörmətlə yanaşmaq lazımdır".
Bununla belə deputat bildirib ki, bəzi həssas qrupların quru sərhədlərlə gedib-gəlməsi yönündə addımlar atıla bilər.
"Tələbələrdən sonra xəstələrin də quru sərhədlərdən istifadə etməsinə icazənin verilməsi yönündə yüngülləşdirici addımların atılması yaxşı olardı" deyə Razi Nurullayev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.