CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsümündən tez satılan çiyələk zərərlidirmi?

İbrahim Əhmədov bildirib ki, istixana şəraitində məhsulların daha tez yetişdirilməsi üçün əksər hallarda torpağa təyinatdan artıq gübrə verilir.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Artıq iki həftədir ki, mövsümü olmayan meyvələr bazarlarda alıcılara təklif olunur. Havalar hələ isinməsə də, artıq bazarlarda, marketlərdə çiyələk təklif olunur. Bu bostan məhsulundan alıb yeyən də var, almağa ehtiyat edən də.
Bayıl qəsəbəsində meyvə-tərəvəz satan Tural Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki həftədir ki, çiyələk satışdadır. Onun sözlərinə görə, əvvəl qiyməti baha olduğundan alan az olsa da, artıq müştərilərin çoxu almağa tərəddüd eləmir.
"Çiyələyin qiyməti ötən həftə 6-7 manat idi. Artıq 5 manata enib. Çox adam qiymətinə görə ala bilmirdi, bəziləri də alıb yeməyə ehtiyat edirdi. Mövsümü olmasa da, çiyələyin zərərli olacağına inanmıram. Bu il çiyələk bol olub. Ona görə də bazara tez çıxıb" deyə satıcı bildirdi.
"20-ci sahə" sakini Lalə Bayramova isə çiyələyi almağa hələ də ehtiyat etdiyini söyləyir. Deyir ki, satışdakı çiyələyin ölçüsü çox böyükdür. Bu, onda çiyələyə çox gübrə verildiyinə şübhə yaradır: "Uşaq satışda görüb istəyir, amma hələ mövsümü olmadığından almağa ehtiyat edirəm. Ölçüsü də çox böyükdür. Bu vaxt çiyələk yetişməz. Çox güman ki, istixanada gübrə ilə yetişdirilib".
Sputnik Azərbaycan vaxtından tez satışa çıxardılan çiyələyin zərərli olub-olmadığını araşdırıb.
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər meyvə öz mövsümündə yeyilməlidir. Onun sözlərinə görə, mövsümündə yeyilən meyvə daha faydalıdır. İ. Əhmədov bildirib ki, vaxtından tez satışa çıxardılan çiyələk istixana şəraitində yetişdirilir. Dosent bildirib ki, istixana şəraitində məhsulların daha tez yetişdirilməsi üçün əksər hallarda torpağa təyinatdan artıq gübrə verilir. Bu isə məhsulda normadan artıq nitratın toplanmasına səbəb ola bilər. Bu zaman isə zəhərlənmənin baş verməsi qaçılmazdır.
"Mövsümündən tez satışa çıxardılan çiyələyi alıb yemək yaşlı insanlar, uşaqlar və hamilə qadınlar üçün daha təhlükəlidir. Çiyələyi bu vaxt yemək hamilə qadınlar üçün heç məsləhət deyil. Çünki, çiyələk allergik məhsuldur. Bu ana bətnində olan uşağa da keçə bilər"deyə İ. Əhmədov bildirib.
İ.Əhmədov deyir ki, açıq havada temperatur 25 dərəcəni keçməyibsə, çiyələyin təbii yolla yetişdirilməsi mümkünsüzdür.
Kafedra müdiri çiyələyin ölçüsünün həddindən artıq böyük olmasının ona azot gübrəsinin çox qatılmasının bilavasitə göstəricisi olduğunu söyləyib: ""Çiyələk özü alergik məhsuldur. Əgər çiyələk istixanada azot gübrəsi ilə yetişdirilirsə, bu zaman məhsula toplanan nitratlar onun allergiyanın kəskin artmasına səbəb olur".
İ.Əhmədov ümumiyyətlə çiyələk və digər tez xarab olan məhsulları mövsümündən əvvəl alıb yeməyin məsləhətli olmadığını söyləyib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var. Qurumdan bildirilib ki, market və supermarketlərdə satılan çiyələklərin iri və ya çox böyük olması daha çox onun çeşidindən asılıdır: "İri və böyük olan bu çiyələk çeşidləri ölkəmizə müxtəlif ölkələrdən idxal edilir. Son dövrlərdə piştaxtalarda yer alan iri və ya böyük, fərqli forma və görünüşdə olan bu çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil".
AQTA-dan həmçinin bildirilib ki, bu giləmeyvənin insan orqanizminə faydaları olduqca böyükdür. A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Amma çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir.
" Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir. Çiyələk isti sevən bitkidir, lakin o məhsulu isteklaka təqdim edərəkən soyuq temperatur rejiminə mütləq şəkildə əməl olunmalıdır. Xüsusən də, antisanitar, gün şüalarına məruz qalan şəraitdə çiyələk məhsullarının satışı və istehlakı tövsiyə olunmur. Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür".
Qurumun verdiyi açıqlamaya görə, çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər: "Çiyələkdən və onun yarpaqlarından orqanizmin müxtəlif xəstəliklərə qarşı immunitetini gücləndirmək üçün istifadə edilir. Çiyələk şirin giləmeyvə olduğu üçün tərkibində şəkərlərdən qlükoza, fruktoza və saxarozaya rast gəlinir.
Daha sonra qeyd edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir.
Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür".