SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu yaradılıb

MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmən tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazır olduğunu bəyan edib.
Sputnik
BAKI. 22 aprel - Sputnik. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu yaradılıb. Bu barədə Azərbaycanın Güneyindən olan, hazırda Finlandiyada yaşayan siyasi fəal Çingiz Göytürk jurnalistlərə bildirib.
O qeyd edib ki, şuranın təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsi qərara alınıb.
Təşəbbüs qrupunun bu barədə yaydığı bəyanatda deyilir:
"Vətənimiz Azərbaycanın da yerləşdiyi bölgədə cərəyan edən geosiyasi gəlişmələrlə yanaşı, İran adlanan ölkədə kəskinləşən milli, siyasi və sosial proseslərdə Güney Azərbaycanda yaşayan azərbaycan türklərinin öz milli dövlətçiliyinin bərpası uğrunda başlatdıqları milli hərəkatın önəmi və həlledici rolu bir daha özünü göstərib. Məhz belə bir şəraitdə, Güney Azərbaycan Milli hərəkatının Azərbaycan mərkəzli Milli dövlətçilik düşüncəsini mənimsəyən, Milli dövlətçiliyimizin bərpası uğrunda müstəqil iradə sərgiləyən və məhz bu doğrultuda Milli gücün formalaşdırılmasını hədəfləyən güclü, vahid milli-siyasi təşkilatlanmanın zərurəti ortaya çıxıb.Bu zərurətdən yola cıxaraq 2022-ci ilin ikinci yarısından etibarən bir sıra milli qurum, təşkilat nümayəndələri və şəxsiyyətlərimiz bir araya gələrək, bu doğrultuda təşəbbüs qrupunun yaradılması qərarına gəldilər.
Təşəbbüs qrupu daxildə və xaricdə apardığı müzakirə, məsləhətləşmə və razılaşmalar nəticəsində Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (bundan sonra MDŞ) aşağıdakı prinsiplər əsasında yaradılmasını və 12 Dekabr 2022-ci il Mİlli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırdı. Lakin, ümümmilli mənafeyimizi nəzərə alaraq, Təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə saldı.
Ancaq bu gün hərəkatımızda milli dövlətçilik şüurunun və bu doğrultuda mübarizə əzminin ön plana çıxdığı bir mərhələdə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının öz fəaliyyətinə başlaması təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətdən yola çıxaraq Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırılıb".
Güney Azərbaycan Milli Dövlətçilik Şurasının prinsipləri bunlardır:
1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir.
2. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir.
MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir.
3. MDŞ, Güney Azərbaycan Milli hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır.
4. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir.
5. MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmiyyətə tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək.
6. MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır.
7. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır.
8. İran və irançılığı, hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır.