PAYTAXT XƏBƏRLƏRİ

Gənc yaşda evlənənlərin sayı azalıb - Şadlıq sarayları niyə çökür?

Bildirilir ki, toyda bir müğənninin yarım saata qazandığı pul şadlıq sarayının sahibinin bütün günlük qazancından iki dəfə çox olur.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Cari ilin mart ayında Bakıdakı şadlıq saraylarında sifarişlərin sayı 67,4 faiz azalıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) məlumatına görə, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.
Məlumatda qeyd olunur ki, şadlıq saraylarında mart ayında qiymətlər 8,4 faiz artıb. Xüsusən qiyməti 40 manatadək olan menyularda artımı daha çox - 11,4 faiz olub. Qiyməti 40-80 manat olan menyuların qiyməti isə 7,6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də artım qeydə alınıb - 6,3 faiz.
"Simfoniya" şadlıq sarayının inzibatçısı bildirir ki, ərzaqlar, meyvə-tərəzəvlər bahalaşdğı üçün qiymətlərin artırılması planlaşdırılır:

"Elə təkcə pomidorun qiymətinə baxaq, son bir aydır ki, 5 manatdan ucuz olmur. Biz də qiyməti qaldırmaq istərdik. İstərdik ki, qiymətləri 15-20 faiz qaldıraq. Amma nə edək, camaatın imkanı zəifdir, bizə bu pulu verən yoxdur. Müştəri yoxdur. Şadlıq sarayları da müştəri uğrunda rəqabət aparır ki, onları özünə cəlb edə bilsin. Bütün şadlıq sarayları bir-birinə rəqibdir, hamısı da çalışır biri digərindən qiyməti beş manat aşağı desin ki, müştəri onu seçsin".

"Əvvəllər daha çox toy edərdilər. Yəqin ki, indi gənclərin işsizliklə bağlı problemləri də toyların azalmasına təsir edir. Hazırda sifarişini qəbul etdiyimiz toylara baxıram, bəylərin hamısının yaşı 30, yaxud 30-dan çoxdur. İndi daha 22-25 yaşda bəyimiz yoxdur. Əvvəllər bu yaşlarda bəylərimiz daha çox olurdu", - deyə o əlavə edib.
Toy süfrəsi, arxiv şəkli
Həmsöhəbtimiz onu da deyir ki müştərilərin sosial vəziyyəti nəzərə alınaraq bacardıqları qədər onlara qiymətdə güzəşt edirlər:

"Gələn qonaqlara da başa salırıq ki, siz bu ərzaqları evinizə də alırsız, qiymətlər qalxıb. Amma müştəri deyir ki, qonaqlarının böyük hissəsi kənddəndir. Təbii ki, biz də düşünürük ki, olmasın beş manat, olsun 3 manat, cüzi də olsa xeyir götürək".

İnzibatçı deyir ki, hələlik sözügedən şadlıq sarayında qiymətlər qaldırılmayıb. Bununla belə, menyudakı xörəklərin tutumu, miqdarı da azaldılmayıb:

"Biz bunu edə bilmərik. Çünki hər toy bizim üçün bir reklamdır. Hər qonaq bizim üçün real müştəridir. Gərək ki, hər toydan azı 2 müştəri də qazanaq. Təsəvvür edin, yarım saata bir müğənninin qazandığı pul şadlıq sarayının sahibinin bütün günlük qazancından iki dəfə çoxdur".

"Bundan başqa, qonaqların sayı çox olan, böyük tutumlu toylar da yoxa çıxıb. Çünki müştəri düşünür ki, lazımi pulu sala bilmyəcək qonağı çağırıb ziyana düşməkdənsə daha az adamla toy etsin", - deyə o əlavə edir.
Toyların sayına gəldikdə, inzibatçı bildirib ki, idarə etdiyi obyektin aprel ayı üzrə 2, may ayı üzrə də 2 toy sifarişi var.
Şadlıq sarayı
"Versal" şadlıq sarayından da bildirilib ki, ərzaqlar, meyvə-tərəvəzlər bahalaşsa da, hələlik qiymətləri qalxmayıb bu haqda düşünmürlər də.
"Grand Neon"dan isə bildirilib ki, hələlik vəziyyətə nəzarət edirlər, müştərilərin büdcələrinə uyğun müvafiq qərarlar verirlər.
"Karvan Hall"da da qiymətlərin artımı müzakirə edilir. Bu şadlıq sarayında hər menyuya görə azı 2 manatadək qiymətin qaldırılması planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.