BAKI, 22 aprel — Sputnik. Bakıdakı "Xruşşovka" binalar növbəli şəkildə söküləcək.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Sovet dövründə 30 illiyinə tikilmiş binalar var ki, onların sökülməsi mərhələli şəkildə həyata keçiriləcək.
Bundan öncə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a ölkəmizdə binaların tikintisində inşa normalarının necə tətbiq edildiyi barədə danışarkən deyib ki, Azərbaycanda çoxmənzilli binalar yüksək keyfiyyətlə tikilir və onların keyfiyyətinə sərt nəzarət var. Hər mərtəbə tikiləndə betonun, armaturun keyfiyyəti, sayı, ölçüləri yoxlanılır. Əgər standartlardan kənara çıxılarsa, tikintiyə icazə verilmir.
O bildirib ki, bizdə də sıx şəkildə tikinti aparılan ərazilər var: "Yaşayış binalarının çox sıx olması yaxşı hal deyil. Çünki tıxac, yanğınsöndürən maşınların yanğın ərazisinə girməsinə çətinlik yaradır. Amma Türkiyədə zəlzələ olan ərazilərdəki binaların keyfiyyəti Azərbaycandakı binaların keyfiyyətindən aşağıdır".
Onun sözlərinə görə, Azərbaycanda həmçinin köhnə tikili binalar mövcuddur:
"Hazırda Bakıda və Abşeron ərazisində 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası və minlərlə istismar müddətini bitirməmiş binalar var. Lakin 150-yə qədər aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınan çoxmənzilli yaşayış binası mövcuddur və onların söküntüləri mərhələli şəkildə aparılır. 2016-cı ildən başlayaraq istismar müddəti bitmiş binaların söküntüsü aparılır, onlar yeni tikili binalarla əvəzlənir. Bir binanı sökərək yerində yenisinin inşası ən azı 2-3 il çəkir. Həmin qəzalı binaları söküb tikmək on illərlə vaxt alır. Ona görə də ən azı həmin binalarda söküntüyə qədər möhkəmləndirmə işləri aparmaq olar".
"Zəlzələ və yanğın zamanı açıq ərazilər yəni parklar, idman meydançaları və s. olmalıdır", - deyə ekspert əlavə edib.