BAKI, 22 aprel — Sputnik. Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib. O bildirib ki, bu bölgələrdə elə bağçalar var ki, bütün yerlər doludur, lakin 300-400 valideyn növbə gözləyir:"Biz bu problemin aradan qaldırılmasına çalışırıq. 2023-cü ilin I rübü ərzində ölkə bağçalarda 3 monitorinq aparılıb, monitorinq 1000-ə yaxın bağçanı əhatə edib. Bəzən müşahidə edilib ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar gəlməyib".
Xırdalanda bağçalarda yer yoxdur
Xırdalan şəhər sakini Aysel Məmmədova da aylardır uşağına uşaq bağçası tapa bilmir. Onun sözlərinə görə, Xırdalanda yerləşən bağçalarda yer yoxdur. Ona görə də, uşağını qoyub işləyə bilmir. N. Məmmədovanın sözlərinə görə, Xırdalanda əhali sayı artdıqca uşaq bağçalarına təlabat da artır: "Nə Xırdalanda, nə də Masazırda uşaq bağçalarında yer yoxdur. Özəl uşaq bağçalarının isə aylı ödənişi çox bahadır. Bu əraizdə aylıq 250-300 manatdan ucuz uşaq bağçası yoxdur. Naəlac qalıb uşağı özəl kurslardan birinə qomuşam ki, hərifləri, rəqəmləri öyrənsin".
Onun sözlərinə görə, Abşeronda bütün bağçalara uşaq yerləşdirmək üçün uzun növbələr yaranıb.
Bağça yaşlı uşaqların 25 faizi məktəbəqədər təhsilə cəlb olunur
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə 1693 uşaq bağçası var. Bu məktəqəqədər təhsil müəssisələrinə 123 min uşaq cəlb edilib. Bu isə bağça yaşlı uşaqların 25 faizini əhatə edir. Kamran Əsədov bildirib ki, elə ərazilər var ki, bu rəqəm 2 faiz həcmindədir.
Ekspert planlaşdırılmamış məskunlaşma nəticəsində xüsusilə Bakı və Abşeronda uşaq bağçalarına təlabatın kəskin artdığını söyləyir. Onun sözlərinə görə, belə tezliklə dövlət əhali sayına uyğun bağça inşa edə bilməz. Odur ki, bu işdə özəl sektorla əməkdaşlıq edilməlidir: "İstanbulda 7000 təhsil müəssisəsi var. Onun 3500-ü dövlət, yerdə qalanı isə özəl təhsil müəssisələridir. Bakıda isə özəl təhsil müəssisələrinin sayı bundan dəfələrlə azdır. Bakıda özəl uşaq bağçaların sayı təxminən 80 dir. Ona görə də uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır. Həmçinin özəl uşaq bağçalarında aylıq ödənişlər çox bahadır. Bakıda 400-500 manatdan ucuz baxça yoxdur. Bu məbləği ödəməyə hər valideynin imkanı çatmır. Ona görə də, dövlət özəl uşaq bağçaları ilə əməkdaşlıq etməlidir. Bu, dövlətin sosial marağında olmalıdır".
Özəl bağçalar köməyimizə çata bilər
K.Əsədov qeyd edib ki, özəl uşaq bağçalarını kommunal xərclərdən azad etməklə, daha çox məktəbəqədər təhsil müəssisələrinin açılmasına şərait yaradılmalıdır.
"Özəl məktəbəqədər təhsil müəssisələri vergi, komunal xərclərdən azad etməlidir. Dövlət özəl bağçalara öz hesabına qida menyusunu verə bilər, bina, işçilərin maaşı isə sahibkarın üzərinə qoyula bilər. Bunun qarşılığında özəl bağçalarda aylıq ödəniş məbləği aşağı salına bilər. Onsuz da valideynlər dövlət bağçalarına qeyri-rəsmi formada 30-50 manat ödəniş edirlər. 50 manat ödəməklə özəl bağçalarda uşaqların məktəbəqədər təhsilinə şərait yaradıla bilər. Çünki, Bakı, Sumqayıt və Abşeronda uşaq bağçası inşa etməyə boş ərazi də yoxdur. Bu yolla dövlət külli məbləğdə vəsait ödəyib uşaq bağçası inşa etmək yükündən də azad olunar" deyə ekspert bildirib.
Abşeronda bağçalarda uşaqlar növbə gözləyir
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, Abşeronda 31 bağça fəaliyyət göstərir: "Uşaq bağçalarının artırılması üçün dünya təcrübəsi öyrənilir və ölkə üçün və əsasən də ərazilərin ehtiyaclarına uyğun müxtəlif modellər araşdırılır. Hal-hazırda bağçalar, icma əsaslı qruplar və məktəbdə fəaliyyət göstərən məktəbə hazırlıq qrupları vasitəsilə uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Hal-hazırda Abşeron bağçaları üzrə 3090 uşaq növbədədir".
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, Abşeron rayonunda ümumilikdə 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib: " Həyata keçirilən tədbirlər sırasında uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılır. Azərbaycanda hər il yeni təhsil müəssisələrinin binasının tikintisi və yaxud təmir-bərpası həyata keçirilir. Xüsusilə də əhali sayı çox olan ərazilərdə yeni məktəblər tikilir, yaxud əlavə korpuslar inşa olunur. Gələcək illərdə Abşeron rayonu ərazisində sıxlıq müşahidə olunan ərazilərdə oxşar təcrübənin bağçalar üçün də şamil edilməsi mümkün ola bilər".
Məlumat üçün bildirək ki, 2019-cu il tarixində Azərbaycan Respublikasında keçirilən əhalinin siyahıya alınması zamanı Abşeron rayonu ərazisində yaşayanların sayı 510439 nəfər olub. 2013-cü ildə bu rəqəm 200,8 min nəfərə yüksəlib. Hazırda rəsmi statistik rəqəmlərə görə, Abşeronda əhali sayı 491316 nəfərdir. Qeyd edək ki, qeyri-rəsmi statistika bundan çoxdur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.