SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Ermənistanı hərbi təxribatları dayandırmağa çağırdı

Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!
Sputnik
BAKI, 22 aprel - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin xəsarət alması barədə paylaşım edib.
XİN-in "Twitter"də paylaşdığı məlumatda deyilir:
"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, mina partlayıb və nəticədə 3 azərbaycanlı hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!"
Xatırladaq ki, aprelin 22-də saat 17.00 radələrində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Belə ki, Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
"Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında bildirilib.