BAKI, 21 aprel - Sputnik. Azərbaycan təhsildə rus dilini saxlayacaq. TASS xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev cümə günü Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.
"Onlardakı tələbələrin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Düşünürəm ki, biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir”, - deyə nazir müavini bildirib.
İsayev onu da bildirib ki, Azərbaycan tərəfi Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır.
O, qeyd edib ki, Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.
"Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər", - nazir müavini deyib.
Ümumiyyətlə, nazirlik rəsmisinin qənaətinə görə, Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir və dərinləşir.
“Bu gün biz Həştərxan vilayətinin təhsil və elm naziri ilə qarşılıqlı fəaliyyətin bəzi sahələrini müzakirə etdik. Düşünürəm ki, bundan qarşılıqlı fayda görəcəyik”, - deyə o İsayev fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.