BAKI, 20 aprel — Sputnik. ABŞ "nüfuzunu itirməkdə davam edir" və bütün dünya "Amerikaya nifrət edir", Avropa isə ABŞ-ın "piyada fiqurudur".
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda Topkapı İctimai Təsislərində gənclərlə imsaq edərkən bunları söyləyib.
Türkiyənin Daxili İşlər Naziri mayın 14-də keçiriləcək seçkilərdən danışıb. Türkiyənin hekayəni dəyişdiyini ifadə edən Soylu, "Onun üçün Amerika, Avropa sıxışdırır, PKK sıxışdırır. Bu, Türkiyənin tam müstəqillik üçün seçimidir" - deyib.
Nazir onu da bildirib ki, Qərb bütün dünyaya mədəniyyət və vərdişləri yağış, qar kimi sırımağa, bunu öz adına iqtisadiyyata çevirməyə və vahid insan formalaşdırmağa çalışır. Bu missiyanın qəddar kapitalizmdən istifadə edən bir quruluş tərəfindən yaradıldığını ifadə edən Soylu, "Dünyanın bizə yağdırdığı təhlükənin hələ də daha böyük olduğunu düşünürəm" söyləyib.
"Mən terrorizmdən qorxmuram. Onların təsir dairəsi aydındır və onlara qarşı mübarizə də aydındır. Amma dünyanın ən böyük təhlükələrindən biri mədəni terrordur və biz mədəni terrorla üz-üzəyik. Ailə quruluşu, mənəviyyat, böyük və ya kiçik, hər ölkənin sivilizasiyasını, tarixini, dinimizi, ana və atalarımızın bizə öyrətdiklərini, inanclarımızı, adət-ənənələrimizi, adətlərimizi məhv etməyə yönəlmiş mədəni terrorla qarşı-qarşıyayıq", - deyə o, sözünə davam edib.
Avropa və Amerikadakı demokratiya problemlərinə də toxunan Soylu, İngiltərədə ard-arda üç baş nazirin dəyişdirildiyini vurğulayıb:
"İndi də dəyişəcəkdilər, amma ayıb olar deyə edə bilmirlər. Demokratiya ilə dəyişdilər? Xeyr. Bəyənmədilər və dərhal dəyişdilər. Bəs sən necə demokratiya beşiyisən? Üç ayda 3 partiya qurultayı keçirdilər. Əhməd Davudoğlu (Türkiyənini sabiq xarici işlər naziri - red.) dəyişdi, "məni partiyadan uzaqlaşdırdılar" deyə az qala qiyamət qopardır. İngiltərədə olsaydı, cınqırını çıxara bilməzdi. İngiltərədə üç baş nazir yola salınıb".
Soylu ötən il İstanbulda baş verən terror hadisəsindən sonra Ankaranın Vaşinqtonun başsağlığını qəbul etmədiyini bildirib. Daha sonra Türkiyənin daxili işlər naziri ABŞ səfirini ölkəsindən "çirkli əllərini çəkməyə" çağırıb.
"Avropa deyə bir şey yoxdur. Bunu (Avropanı) başınızda çox da şişirtməyin. Amerika var. Avropa Amerikanın karvanında bir qatardır. Onda xüsusi bir nə isə yoxdur", - deyə qəzet onun sözlərindən sitat gətirib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, "Avropa liderləri daim nüfuzdan düşür, əhali qocalır". "Onlar (avropalılar) iqtisadi istehsalda çətinliklər yaşayırlar və onları yaşamağa davam edəcəklər", - deyə o, sözünə davam edib.
Soylu, Amerikanın etibarını itirməkdə davam etdiyini və bütün dünyanın Amerikaya nifrət etdiyini, Avropanın Amerikanın Afrikadakı "piyada fiquru" olduğunu, bütün Afrika dövlətlərinin onları istismar edən dövlətlərə nifrət etdiyini və öz yerli dillərinə müraciət etdiklərini bildirib.
Süleyman Soylu onu da qeyd edib ki, "artıq Qərbin suverenliyi yoxdur":
"Artıq onların belə bir suverenliyi yoxdur, amma vərdişlərini saxlamağa çalışırlar... Türkiyə tarixi dəyişir. Bu seçkilər bu hekayənin tamamilə dəyişəcəyi seçkilərdir. Ona görə də Amerika təzyiq göstərir, Avropa təzyiq göstərir. Ona görə də Qəndil (İraqın şimalındakı dağlar, Ankaranın dediyinə görə, ölkədə qanunsuz Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarının gizləndiyi dağlar - red.) təşviş içindədir, PKK sıxışdırır. Bu (Prezident) Tayyib Ərdoğanın seçimi deyil, bu, Türkiyənin gələcək nəsillərinin seçimidir, Türkiyənin tam müstəqilliyinin seçimidir".
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. "Cümhuriyyət Alyansı"ndan vahid namizəd kimi hazırkı dövlət başçısı, 69 yaşlı Rəcəb Tayyib Ərdoğan, müxalifətin "Xalq Alyansı"ndan vahid namizəd 74 yaşlı Kamal Kılıçdaroğlu, eləcə də "Memleket" partiyasının lideri 58 yaşlı Məhərrəm İncə və "Ata" ittifaqının 55 yaşlı namizədi Sinan Oğan namizədlərin yekun siyahısında yer alıblar. Seçkiqabağı araşdırmaların nəticələri hələ ki, Ərdoğan və Kılıçdaroğlu arasında qarşıdan gələn seçkilərin favoritini ortaya qoymur, müxtəlif sorğular hər ikisinin lehinə rəqəmlər göstərir.