TƏHSİL

Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçiminə start verilib

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilib.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb. Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdirilib.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 20 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilib.
Qeyd edək ki, vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:
- əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
- iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
- həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;
- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.