MƏDƏNİYYƏT

Kinorejissor: "Maddiyyatı üstün tutan filmlərimiz insanların zövqünü korlayır"

Əməkdar incəsənət xadimi, təsvir rejissoru, professor Rafiq Quliyev bu gün baş tutan forumda qeyd edib ki, bu gün ölkədə kino sənayesində durum çox da ürəkaçan deyil. Çünki kino sənətinə münasibət fərqlidir
Sputnik
BAKI, 20 aprel — Sputnik. Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxış edən Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib ki, “Azərbaycanfilm” kinostudiyası bir neçə illər dövlət dotasiyasında olmalıdır, dövlət və özəl qurumlar tərəfindən maliyyələşdirilməlidir. Xalq artisti əlavə edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, həmçinin sənətdə olan bəzi gənclər xarici ölkələrə treninqlərə, təhsil almağa göndərilməli və sənət mübadiləsi olmalıdır: "Bildiyimiz kimi Kino Agentliyi yaradılacaq və oraya Azərbaycan kinosunu bilən, kinematoqrafiyadan anlayışı olan adamlar cəlb olunmalıdır. Mən xoşbəxtəm ki, Qarabağın alınmasını görə bildim. Bu barədə, vətənpərvərlik mövzusunda filmlər çəkilməli, həmçinin xarici arenaya çıxarılmalıdır".
Sözügedən forumda çıxış edən Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov təəssüf hissi ilə qeyd edir ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur: "Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir".
Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxışı zamanı bildirib ki, Azərbaycan tamaşaçıları yüksək keyfiyyətli filmlər çəkilməsini istəyirlər. Onun sözlərinə görə, yüksək keyfiyyətli ekran işi üçün də müasir kino avadanlıqlarının olması vacibdir: "Bu işə görə ən azı 75 peşə sahibi olmalı, istehsalat qrupunun sayı 100-ə yaxın tutulmalıdır. Çünki tamaşaçılar yüksək keyfiyyətli dünya filmlərini izləyirlər və bu cür ekran işlərinin Azərbaycanda da olmasını gözləyirlər. Təbii ki, bu istəklərində də haqlıdırlar".
Kinorejissor həmçinin Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif edib. Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən kinoteatrların sayı azdır: “Bu səbəbdən də təklif edərdim ki, ölkə üzrə 10 səyyar kinoteatr yaradılsın. Bununla da kənd və qəsəbələrdə kinolarımızı nümayiş etdirə, daxili bazarda tamaşaçı kütləsini çoxalda bilərik. Ən azından xaricə bazara çıxmaq üçün mexanizmlər olmasa da, heç olmasa daxili bazarı ələ almağa çalışmaq lazımdır. Ümumi problemlər çoxdur. Ona görə də konkret və lokal addımlar atmaq lazımdır".
Əməkdar incəsənət xadimi, təsvir rejissoru, professor Rafiq Quliyev bu gün baş tutan forumda qeyd edib ki, bu gün ölkədə kino sənayesində durum çox da ürəkaçan deyil. Çünki kino sənətinə münasibət fərqlidir. İstehsal və istehlak baxımından problemlər var: “Müəllif-tamaşaçı ünsiyyətini qura bilmədiyimizdən ələbaxımlılıqdan xilas ola bilmirik. Düzdür, filmlərimiz festivala çıxır və uğur da qazanır. Lakin müəllif tamaşaçı ünsiyyətini hələ də qura bilmirik. Bu da bizi ələbaxımlılığa alışdırır və yenə də asılı vəziyyətdə qalırıq. Ona görə də yayım məsələsinə xüsusi diqqət yetirilməlidir”.
R.Quliyev bildirib ki, təcrübəli kadrların yetişdirilməsinə ehtiyac var: “Bu gün gənclər ali məktəbi bitirsələr də, ancaq təcrübə bazaları yoxdur. Onlar çəkiliş meydançasında sınaqdan keçirilərək püxtələşirlər".
Kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev isə son dövrlər çəklən kommersiya filmlərinin vəziyyətindən gileylənib: “Kinoya baxıb özümüzü dərk etməliyik. Bəzən deyirlər ki, filmlərin çəkilməsində maddiyyat önəmlidir. Ancaq gəlin nəzərə alaq ki, Azərbaycanda maddiyyatı üstün tutan filmlərimiz insanların zövqünü korlayır”.
O bildirib ki, bəzən keçmişdə çəkilən filmlərin yaxşı olduğu barədə fikirlər səsləndirilir: "Qismən həmin fikirlə razılaşsam da, biz artıq Sovet İttifaqında yaşamırıq. Yeni gözəl filmlər çəkilməlidir. Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur. Vətən müharibəsində və ya koronavirus pandemiyası zamanı ölən ziyalı həkim və ya müəllimlər barədə hansı ekran işində rast gəlmisiniz?!".
Bu gün çəkilən serialların vəziyyətindən söz açan A.Salayev vurğulayıb ki, bu gün çəkilən serialların əksəriyyəti məişət mövzusundadır: "Ya narkotik istifadəsi, ya bank borcu, ya da ailədaxili münaqişələr. Tarixi serial və filmlər çəkilmir. Tarixi ekranda bərpa etməyi öyrənməliyik. Milli kinonun mahiyyəti mənəvi dəyərləri maddi dəyərlərdən üstün göstərməkdir” .
Qeyd edək ki, forum öz işini sabah yekunlaşdıracaq.