BAKI, 20 aprel — Sputnik. "Abşeronda 374 cinayət faktı aşkarlanıb".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri aprelin 19-da rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 5 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, 1 ədəd avtomat silahı aşkarlanıb, narkotiklə əlaqəli cinayətlərə görə 5 nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 16, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 8, xırda talamaya görə 3, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 374 fakt aşkar olunub.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 95 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 11 sürücü müəyyən edilib.
"Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.