BAKI, 19 aprel — Sputnik. "Rusiya və Azərbaycan ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük perspektivə malikdir".
Bunu Rusiyanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev "Rusiya-Azərbaycan: Qarşılıqlı işgüzar fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları" mövzusunda keçirilən dəyirmi masada deyib.
Rusiya və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı
© Photo : Торговое представительство РФ в Азербайджане
Onun sözlərinə görə, Rusiyanın bütün bölgələri Azərbaycanla qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlıdır: "Hər şeydən öncə, Rusiya şirkətləri nəqliyyat, sənaye, gəmiqayırma, kənd təsərrüfatı və investisiyalar, həmçinin rəqəmsal transformasiya layihələri üzrə əməkdaşlığın gücləndirilməsində maraqlıdırlar".
"Rusiya və Azərbaycan çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edirlər və yaradılmış Rusiya-Azərbaycan İşgüzar Şurası inkişafın mühüm vasitəsidir", - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 761 milyon 547 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
Cari ilin ilk 2 ayında Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, ötən 2 ayda Rusiyadan ölkəmizə 565 milyon 612 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. Azərbaycanın ümumi idxalının 21,34 faizi Rusiyanın payına düşüb.