BAKI, 19 aprel — Sputnik. Azərbaycan-Ermənistan arasında sülh quruculuğu prosesi növbəti burulğanlı dövrünə qədəm qoyub. Bir müddət əvvəl baş verən erməni təxribatı fonunda hər iki ölkənin liderləri tərəfindən sülh danışıqları və mövcud vəziyyət barədə bəyanatlar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində mövcud vəziyyətlə bağlı maraqlı məqamlara aydınlıq gətirib. Azərbaycan lideri bildirib ki, Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır
Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub.
Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur.
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında erməni xalqına ölkəsinin sülh formulunu təqdim edib. Paşinyan açıq şəkildə bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımağa hazırdır. Erməni baş nazir bildirib ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin işidir.
Sputnik Azərbaycan millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun son bəyanatlarla bağlı fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Paşinyan son çıxışı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş oldu: "Çünki Paşinyan bildirir ki, Ermənistan SSRİ-nin ərazisi çərçivəsində Ermənistanın ərazi bütövlüyü tanınsın. Belə olan halda "Dağlıq Qarabağ"ın Azərbaycanın olması gerçəyi bir daha Ermənistan siyasi rəhbərliyi tərəfindən etiraf edilmiş olur. Baxmayaraq ki, onlar bu fikirləri səsləndirdikdən sonra bunu təkzib etməyə yönəlmiş bəyanatlar verməyə cəhd edirlər, ancaq beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü məsələsinə və Qarabağın Azərbaycan ərazisi olması həqiqətinə münasibəti birmənalıdır".
Millət vəkili qeyd edib ki, Paşinyan bu çıxışı ilə Ermənistan cəmiyyətini psixoloji olaraq sülhə hazırlamağın konturlarını təqdim edib.
Arzu Nağıyevin sözlərinə görə, Paşinyanın dedikləri Ermənistanda həyata keçirilməzsə, regionda münaqişənin yenidən alovlanmasını istəyən qüvvələr bu prosesin üstündən xətt çəkə bilər və Ermənistan cəmiyyətində revanşist əhvali-ruhiyyənin artırılması üçün fəaliyyətini genişləndirə bilərlər.
"Təbii ki, problemlər həllini tapmalıdır. Yəni Paşinyanın söylədikləri və əməli olaraq həyata keçirdikləri bir-birinə uyğun olmalıdır. Azərbaycan müharibədə qalib olan tərəfdir və Ermənistanın reallıqları qəbul etməsi üçün sonsuza qədər gözləyə bilməz. Bizim ölkəmizin aydın tələbləri var. Bunu Azərbaycan prezidenti dəfələrlə bəyan edib. Ermənistan isə üçtərəfli bəyanatda üzərinə gələn öhdəlikləri və 44 günə onu kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycanın tələblərini yerinə yetirməlidir. Azərbaycanın tələbləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsini istəyir. Ölkəmiz regionda sülh və əminəmanlıq mühitinin qalıcı olmasını təmin etmək üçün təkliflərlə çıxış edir. Region ölkələri arasında əməkdaşlığın genişləndirilməsini bura aid edə bilərik. Qısaca desək, ölkəmiz Cənubi Qafqazın taleyinin regiondankənar qüvvələrin diktəsi ilə həllinə qarşı çıxaraq, regional əməkdaşlıq müstəvisində münasibətləri tənzmimləmək niyyətindədir. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü bu rasional təklifləri həm də özünün oyuncaq dövlət statusundan qurtuluşunun açarı kimi qəbul etməlidir. "
Politoloq Tofiq Abbasov isə Paşinyanın son açıqlamalarında təəccübləndirici heç nə olmadığını bildirir: "Biz dəfələrlə paşinyandan belə gəlişi gözəl sözlrəin istifadə olunduğu açıqlamalar eşitmişik. Məsələ burasındadır ki, Ermənistan siyasi isteblişmenti heç vaxt dediyin arxasında dayanmır. Bir gün bir fikir deyirlər, sabah başqa fikrə düşürlər. Eyni zamanda belə çıxışlardan sonra ya yenidən təxribatlar törədilər, ya da sülh quruculuğu prosesində durğunluq dövrü başlayır. Ümumiyyətlə isə onların dediklərini təsdiqləyən, davamı olan əməllər olmur. Mən hesab edirəm ki, bu Ermənistan üçün özünəməxsus bir taktikaya çevrilib. Ermənistan Azərbaycana yalan satmağa çalışır. əgər Paşinyan həqiqətən sülhə hazırdırsa, bunu əməli olaraq təsdiqləməlidirı".
Politoloq iki ölkə arasında təmaslara böyük ara verilməsinə diqqət çəkib: "Əgər ölkələr arasında sülh sazişi bağlanacaqsa, səlahiyyətli nümayəndələr gərək daim təmasda olsunlar, danışıqlar aparsınlar. Hələki bu baş vermir. Mən düşünürəm ki, Paşinyan Ermənistan cəmiyyətini toxtaq saxlamağa çalışır, o cümlədən beynəlxalq aləmə müsbət mesajlar verdiyini göstərməyə cəhd edir. Ermənistan təxribatları davam etdirəcəyi təqdirdə Azərbaycanın cavabı özünü çox gözlətməyəcək".