BAKI, 19 aprel — Sputnik. Artıq bir həftədir regionlardakı tibb müəssisələrində monitorinqlərə başlanılıb.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin şöbə müdiri Bəyalı Məmmədov "Tibbi sığorta saatı"nda deyib.
O bildirib ki, ötən il və bu ilin 3 ayı ərzində isə monitorinqlər Bakı şəhəri və Abşeron rayonundakı tibb müəssisələrində aparılıb: "Ötən il aparılmış monitorinqlərin nəticələri əsasında ilin sonunda böyük tədbirlər planı tərtib edilib. Bu tədbir planına əsasən, yeni göndəriş qaydaları hazırlanıb və yaxın zamanda xəstəxanalara təqdim olunacaq".
Xatırladaq ki, göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.
Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
-dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
-stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.
Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.