BAKI, 19 aprel — Sputnik. Azərbaycanın Minatəmizləmə Agentliyində 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş tərkibdə iclas keçirilib. Bu barədə ANAMA-dan bildirilib.
Agentliyin İdarə Heyəti, struktur bölmələri və əməliyyat heyəti rəhbərlərinin iştirakı ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edən Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib. İşğaldan azad edilən ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bildirilib ki, 2023-cü ilin ilk rübü ərzində Agentlik tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 7 944 ha ərazi təmizlənib, 3 878 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub.
İclasda hesabat dövründə minatəmizləmə sahəsində görülən işlər və müxtəlif prioritet istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlar, əməliyyatların icra vəziyyəti, Beynəlxalq Minatəmizləmə Standartlarının riayət olunmasına nəzarət üçün keçirilən monitorinqlər və yekun keyfiyyət yoxlamalarının nəticələri, habelə Agentliyin potensialının yüksəldilməsi məqsədilə görülmüş işlər və planlar barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.
İclasın sonunda minatəmizləmə fəaliyyətində səmərəliliyin artırılması, qarşıda duran öhdəliklər, çağırışlar və onların həlli yolları istiqamətində müvafiq tapşırıqlar verilib.
Agentlik haqqında
Xatırladaq ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ulu öndər Heydər Əliyevin 854 saylı Sərəncamı ilə yaradılıb.
Agentlik Azərbaycan Höküməti ilə BMTİP arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə birgə Proqram çərçivəsində fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli, 1251 saylı Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun qazandığı qələbədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirir.
Eyni zamanda ANAMA ölkə ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətlərini əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.