BAKI, 19 aprel — Sputnik. 2022-ci ildə Bakının Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər ötən illə müqayisədə 35,6% artıb.
"2022-ci ildə Bakının Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 778 348,3 min manat (təxminən 460 milyon dollar) təşkil edib ki, bu da illik müqayisədə 35,6% çoxdur. 2021-ci ildə bu göstərici 573 797,6 min manat təşkil edib. Hesabat dövründə TRACECA-nın Azərbaycan bölməsi ilə yüklərin daşınmasından əldə edilən gəlir 734 912,5 min manat (433 milyon dollar), sərnişin daşınmasından əldə edilən gəlir isə 43 435,8 min manat(26milyon dollar) təşkil edib ki, bu da illik müqayisədə müvafiq olaraq 36,1% və 27,9% çoxdur.
TRACECA beynəlxalq nəqliyyat dəhlizinə Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq daşımalara dair əsas çoxtərəfli sazişdə iştirak edən 13 ölkənin nəqliyyat sistemi daxildir: Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan.