BAKI, 19 aprel — Sputnik. Avropa Komissiyası Ukraynadan taxıl idxalına qadağa qoymağa hazırdır.
Polşa radiosu Brüsseldəki mənbələrə istinadən bu barədə xəbər verib.
"Avropa Komissiyası buğda, qarğıdalı, günəbaxan və kolza idxalına qadağa qoymağa hazırdır", - hesabatda belə deyilir.
Radiodan verilən məlumata görə, çərşənbə günü Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisin Polşa, Macarıstan, Slovakiya, habelə Bolqarıstan, Rumıniya və Ukrayna nümayəndələri ilə görüşündə AI-yə Ukrayna taxılının gətirilməsinin qadağan edilməsi məsələsinin müzakirə olunması planlaşdırılır.
Danışıqlarda Avropanın kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski də iştirak edib.
Polşa və Macarıstan yerli fermerlərin etirazları fonunda keçən həftənin sonunda Avropa bazarına rüsumsuz daxil olan Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını dayandırdıqlarını elan ediblər. Bazar ertəsi Slovakiya Ukraynadan taxıl və digər fərdi məhsulların idxalını dayandırdığını elan edib və elə həmin ərəfədə məlum olub ki, Bolqarıstan da Ukrayna taxılının idxalına müvəqqəti qadağa tətbiq etmək imkanını nəzərdən keçirir.