BAKI, 18 aprel — Sputnik. Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.
Simpoziumda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və digər rəsmilər iştirak ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpozium, ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib.
Simpozium çərçivəsində 13 beynəlxalq və dövlət məktəbinin yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib.
Bildirilib ki, bu tədbir gənc nəslin iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.
Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa Birliyi və BMTİP-nin nümayəndələri "Gələcək Burada Başlayır" mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələrlə tanış olublar.
Müsabiqədə 13 özəl və dövlət məktəbində təhsil alan 100-ə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri iqlim dəyişikliyi ilə əlaqəli problemləri aradan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirib və asanlıqla həyata keçirilə bilən müxtəlif layihələri təqdim ediblər.
Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən və tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Oyundan sonra tərəfdaş təşkilatların nümayəndələri "Gələcək Burada Başlayır" məktəb müsabiqəsinin və intellektual oyunun qaliblərini mükafatlandırıb.
Qeyd edək ki, Aİ, "EU4Climate" və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən "Milli Uyğunlaşma Planı" layihələri BMTİP tərəfindən həyata keçirilir. Həmçinin məktəb müsabiqəsinin təşkil edilməsi də BMTİP-nin Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə sıx əməkdaşlığı çərçivəsində mümkün olub.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.