AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da...

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

"Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır",- deyə Prezident İlham Əliyev qeyd edib.

Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır
Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub.
Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur.

"Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır".

Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır
Prezident bildirib ki, vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir.
"Çünki əgər "A" deyibsə "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır", – deyə dövlətimizin başçısı qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.