BAKI, 18 aprel — Sputnik. YARAT Müasir İncəsənət Mərkəzində tanınmış türk fotoqrafı Engin Güneysunun böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında üçgünlük ustad dərsləri təşkil olunacaq.
Bu barədə YARAT-dan bildirilib ki, ustad dərslərinin ilk günündə iştirakçılar Engin Güneysunun yaradıcılığı ilə tanış olacaq, həmçinin öz fotoşəkillərini nümayiş etdirərək, onlara dair peşəkar rəy alacaqlar.
Birinci günün yekununda iştirakçılar küçə və sənədli fotoqrafiyanın həm ümumi təsvirini, həm də incə nüanslarını öyrənəcəklər. Növbəti gün iştirakçılar birinci dərs zamanı müzakirə olunan incəlikləri, fotoqrafın müşayiəti ilə çəkiliş ərazisində birbaşa tətbiq etmək üçün şəhərdaxili gəzintiyə çıxacaqlar.
Son gündə isə Engin Güneysu gəzinti çəkilişinin müzakirəsini aparacaq, daha sonra iştirakçılar çəkdikləri fotoların peşəkar redaktə edilməsi və çap üçün hazırlanmasını öyrənəcəklər. Müraciət üçün tələblər: fotoqrafiya sahəsində təməl biliklər, şəxsi fotokamera və ya smartfon, ən azı 10 fotoəsərdən ibarət portfolio. Mayın 3,4, 5-də təşkil ediləcək dərslər türk dilində aparılacaq.
İştirak etmək istəyənlər https://rb.gy/4gren linkindən qeydiyyatdan keçməlidirlər. Son müraciət tarixi aprelin 27-dir. Fotoqraf tərəfindən seçilmiş namizədlər ustad dərslərinə dəvət olunacaqlar.
Məlumat üçün bildirək ki, Engin Güneysun 20 ildən artıqdır ki, küçə və sənədli fotoqrafiya ilə məşğuldur. Dünyanın ən məşhur jurnallarından olan "National Geographic» və «Agence Le Journal»da fotoları dərc olunub.
Əsasən uşaq fotoları ilə məşhur olan fotoqrafın əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.