BAKI, 18 aprel — Sputnik. Formula 1 üzrə Azərbaycan Qran Prisində rekord qeydə alınıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, "Gözlənilməzə hazır ol" şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran Prisində bilet satışında əvvəlki altı ildən yüksək göstərici qeydə alınıb.
Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bundan başqa, son altı illə müqayisədə ilk dəfə Azərbaycana Qran Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayında da rekord qeydə alınıb.
Sahil, Abşeron "B" sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb. Beləliklə, adıçəkilən tribunalara biletlərin 90 faizi satılıb.
BŞH-nın mətbuat katibi Turab Teymurov həyəcanın maksimum həddə olacağı yarışda azarkeşləri yerlərini əvvəlcədən tutmağa səsləyib:
"Yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər: 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt".
Qeyd edək ki, ilk sprint yarışı aprelin 28-30-u tarixlərində keçiriləcək Azərbaycan Qran Prisində baş tutacaq. Eyni zamanda dünya ulduzları DJ Don Diablo və Hardwellin konserti nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.