BAKI, 18 aprel — Sputnik. Azərbaycanın siqaret ixracı həm dəyər, həm də miqdar ifadəsində kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4 milyon 766,72 min dollar dəyərində 633,72 milyon ədəd siqaret ixrac edilib. Bu, 2021-ci illə müqayisədə dəyər baxımından 2,68 dəfə, miqdar baxımından isə 2 dəfə çoxdur.
Azərbaycan ən çox Qırğızıstana siqaret satıb
Keçən il Azərbaycan ümumilikdə 8 ölkəyə (Qırğızıstan, Türkmənistan, Oman, Gürcüstan, Çin, Tacikistan, Syerra-Leone, İraq) siqaret ixrac edib. Ötən il Azərbaycan ən çox Qırğızıstana siqaret satıb. Qırğızıstana 2 milyon 535,78 min dollar dəyərində 333,02 milyon ədəd siqaret ixrac edilib ki, bu da ölkənin ümumi siqaret ixracının dəyər ifadəsində 46,8 faizini, miqdar ifadəsində isə 47,4 faizini təşkil edir.
İxracda ikinci və üçüncü yerlərdə isə Türkmənistan və Oman gəlir. Belə ki, Türkmənistana 672,5 min dollar dəyərində 55,4 milyon ədəd siqaret, Omana 623,75 min dollar dəyərində 112,78 milyon ədəd siqaret ixrac edilib.
Xaricə satılan siqaret bahalaşıb
Azərbaycanın xaricə satdığı siqaretin qiyməti bahalaşıb. 2022-ci ildə 1 milyon ədəd siqaretin orta ixrac qiyməti 7 min 521,8 dollar olub. Bu da 2021-ci ildəki orta ixrac qiymətindən 25,3 faiz çoxdur. 2021-ci ildə bu rəqəm 5 min 617,8 dollar idi.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir:
- tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi,
- tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi,
- qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi,
- İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi,
- İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 13 milyard 299 milyon ədəd papiros və siqaretlər və 4164 ton fermentləşdirilmiş tütün istehsal edilib.
2022-ci ildə 11 rayonda tütün əkilib
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İmran Cümşüdov mətbuata açıqlamasında qeyd edib ki, tütünçülük ölkəmiz üçün ənənəvi, əmək tutumlu, ixrac yönümlü vacib sahələrdən biridir. Bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu çərçivədə xeyli işlər görülüb. Dövlət tütünçülüyə dəstək verir, fermerlərə məhsul subsidiyası ödəyir və bütün bunlar kompleks şəkildə məhsul istehsalını stimullaşdırır. 2022-ci ildə 11 rayonda tütün əkilib, 5 min 66 ton məhsul yığılıb, bu da yaxşı göstəricidir. Məhsuldarlıq 21 sentner təşkil edib.