CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki üsyançıları və peyğəmbərin nəslindən olanların yaşadığı evin bərpaya ehtiyacı var

Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, həmin dövrlərdə kənddə o qədər adam olürdü ki, onları dəfn edib çatdıra bilmirdilər.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Mahir Qədimli Şəki rayon Baş Şabalıd kəndində anadan olub. Uzun illər rayonda feldşer kimi çalışan həmsöhbətimiz qəhrəmanımız, illərdir ulu babalarının yaşam tarixini, onların keçdiyi həyat yolunu araşdırır. "Eşitdiklərim, bildiklərim, gördüklərim!" başlığı altında silsilə yazılar hazırlayan Mahir Qədimli, 1930-cu il Şəki üsyanının rəhbəri olan Molla Mustafa Şeyxzadənin qız nəvəsidir.
M.Qədimli hazırda Baş Şabalıd kəndində, ulu babası Şeyx Əhməd Əfəndinin tikdiyi evdə yaşayır. Onun dediyinə görə, ev ötən əsrin əvvəllərində tikilib:
Şəki rayon Baş Şabalıd kəndində ev
"Yaşadığımız ev 125 il öncə tikilib. Hacı Şeyx Əhməd Əfəndi bu evi oğlu Şeyx Məhəmməd üçün tikib. 1956-cı ildən babamın bacısı Xədicə bibim bu evdə yaşayıb. Bibim də sürgündə olub. Şəki üsyanından sonra Molla Mustafa Şeyxzadə və onun ailə üzvləri Murmansk və Arxangelskdə sürgündə olublar. Sürgündən qayıtdıqdan sonra bibim ömrünün sonuna qədər bu evdə yaşayıb".
M. Qədimli illər keçməsinə baxmayaraq, evin quruluşunda heç bir dəyişiklik etməyib. Evin içinə daxil olan zaman insan sanki ötən əsrlərə qayıdır. Sarı torpaqdan tikilmiş, damı kirəmitlə yapılmış, taxçalı ev muzeyi xatırladır. Bura turistlərin də marağına səbəb olur.
Şəki rayon Baş Şabalıd kəndində ev
"Burada mən öz övladlarımı böyütmüşəm. İndi də nəvələrim böyüyür. Hərdən gəlinim, oğlu istəyir ki, evdə dəyişiklik etsinlər. Amma mən istəmirəm. Yayda bumbuz, qışda isə isti olur. İllər keçib, neçə zəlzələlər, neçə tufanlar görüb bu ev. Amma heç yerinə xələl gəlməyib. Xatırlayırsınızsa, 2012-ci ildə bu bölgədə 7 bal gücündə zəlzələ oldu. Ondan sonra tikilən evlərin əksəriyyəti zəlzələdə uçdu. Amma bizim evimiz sağ-salamat qaldı", - deyə M.Qədimli bildirir.
Bu gün Mahir Qədimlinin ən böyük istəyi evin ömrünün uzadılması üçün onun tarixiliyinə xələl gətirmədən təmir olunmasıdır: "Mən çox istəyərdim ki, evimiz restavrasiya olunsun, ömrünü uzada bilək. Çünki, burada yaşayanlar övliyalar, Məhəmməd peyğəmbərin nəslindən olanlar olub. Bundan da başqa, Şəki üsyanının iştirakçıları, əsas "sütunlar"ı burada yaşayıb. Bu evin divarları tarixi hadisələrin şahididir. Bir gün mən bu dünyada olmasam da, bu ev tarixi məkan kimi yaşasın".
1 / 3

Şəki rayon Baş Şabalıd kəndində ev

2 / 3

Şəki rayon Baş Şabalıd kəndində ev

3 / 3

Şəki rayon Baş Şabalıd kəndində ev

Həmsöhbətimiz Baş Şabalıd kəndinə 1950-ci illərdə gəlib. Dediyinə görə, o kəndə gələndə burada cəmi 400-ə yaxın adam yaşayırmış:
"Böyük Şabalıd əvvəllər böyük idi. Mindən çox əhalisi olan kənddə 10 ilin içində vəba xəstəliyindən 600-dən çox insan məhv olub. Bu, dəhşətdir. Mən bura 50-ci illərdə gəlmişəm. Onda burada 400-ə yaxın adam var idi. Artıq xəstəlik və müharibə bitmişdi. Əhalinin sayı bir az artmışdı. Görün burada nə qədər insan ölüb? Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, həmin dövrlərdə kənddə o qədər adam olürdü ki, onları dəfn edib çatdıra bilmirdilər. Həmin müdhiş dövrlərdə ən çox qırılanlar azyaşlı körpələr olub. Yaşlı insanlar nisbətən xəstəliyə tab gətirirdilər, körpələr isə məhv olurdular".