BAKI, 17 aprel — Sputnik. İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan Əl Səud yaxın vaxtlarda görüşəcəklər. Bu barədə İran Xarici İşlər Nazirliyinin Fars Körfəzi Departamentinin direktoru Əlirza Enayəti bildirib.
"İran və Səudiyyə Ərəbistanında xarici işlər nazirlərinin görüşü gündəmdədir", - İRNA agentliyi Enayətiyə istinadla yazıb.
Aprelin birinci yarısında hər iki ölkə səfirliklərin açılışına hazırlaşan texniki mütəxəssislərdən ibarət nümayəndə heyətlərini qəbul edib. Enayətinin sözlərinə görə, müqaviləyə əsasən, iki ölkənin səfirlikləri mayın 9-dək açılacaq və bu müddət ərzində xarici işlər nazirləri bir-biri ilə görüşəcək. O qeyd edib ki, səfirlər hələ təyin olunmayıb.
Martın əvvəlində Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran 2016-cı ildə kəsilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.