AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
Sputnik
BAKI, 17 aprel - Sputnik. 2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1005,0 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, cari ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 150,9 milyon manat azdır.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən birbaşa xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları həcmində azalaraq 01 aprel 2023-cü il tarixinə 6 679,7 milyon ABŞ dolları təşkil edib.
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla 01 aprel 2023-cü il tarixinə 4368,7 milyon manat təşkil edib.