BAKI, 17 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda hər gün 167 körpənin öldüyünü bildirərək, beynəlxalq ictimaiyyəti uşaqları xilas etmək üçün təcili tədbirlər görməyə çağırıb. Bu barədə təşkilatın "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.
"Əfqanıstanda hər gün təxminən 167 körpənin qarşısı alına biləcək səbəblərdən öldüyünü bilirdinizmi? Həyatları xilas etmək, ana və uşaq sağlamlığını yaxşılaşdırmaq üçün tez hərəkətə keçməliyik", - ÜST-dən bildirilib.
Aprelin 16-da Ümumdünya Səhiyyə Təşkilatı Əfqanıstanda ciddi ərzaq çatışmazlığı səbəbindən 40 milyonluq ölkə əhalisinin demək olar ki, yarısının qida çatışmazlığı, yoluxucu xəstəliklər və digər sağlamlıq problemləri riski altında olduğunu bildirib. Eyni zamanda, Əfqanıstan əhalisinin təxminən qırx faizi 14 yaşınadək uşaqlardır.