DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G7 iqlim dəyişikliklərinin qarşısını almaq üçün ayrılan maliyyələni artırmağı qərara alıb

2023-cü ildən iqlimin maliyyələşdirilməsi məqsədinə çatmaq üçün hər il 100 milyard dollar ayırmaq niyyətlərini açıqlayıblar.
Sputnik
BAKI, 16 aprel - Sputnik. G7 ölkələrinin iqlim, energetika və ətraf mühit üzrə nazirləri cari 2023-cü ildən etibarən iqlimin maliyyələşdirilməsi məqsədinə çatmaq üçün hər il 100 milyard dollar ayırmaq niyyətlərini açıqlayıblar.
"Orta temperatur artımını Selsi üzrə 1,5 dərəcədən aşağı saxlamaq və risk altında olanları iqlim dəyişikliyindən qorumaq üçün lazım olan investisiya boşluğunu ödəmək məqsədilə təcili və innovativ dəyişikliklər tələb olunur. Biz inkişaf etmiş ölkələrin 2025-ci ilə qədər ümumi iqlim maliyyəsini hər il 100 milyard dollar artırmaq məqsədinə sadiqliyimizi təsdiqləyirik”, - Yaponiyanın Sapporo şəhərində keçirilən iki günlük görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda qeyd olunub.
Sənəddə həmçinin “2023-cü ildə bu məqsədə tam nail olmaq üçün” digər inkişaf etmiş ölkələrlə əməkdaşlıq etmək niyyəti qeyd olunur. Bundan əlavə, G7-nin nazirləri yaşıl iqlim fondunun vacibliyini, eləcə də yoxsul və ən həssas ölkələrin iqlim dəyişikliyi ilə mübarizə aparması üçün maliyyəyə çıxışına şərait yaradılmasını qeyd ediblər.
G7-nin iqlim, enerji və ətraf mühit nazirlərinin iki günlük iclası aprelin 16-da başa çatıb. İclas Yaponiyanın şimalındakı Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilib və G7 nazirlərinin Yaponiyanın sədrliyi ilə keçirilən ilk iclası olub.
İclasa G7-yə üzv ölkələrin nazirləri, Hindistanın, ASEAN-a sədrlik edən İndoneziya və BƏƏ-nin nümayəndələri , BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının sədri də dəvət olunub.
Burada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, MAQATE-nin, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin, ASEAN və Şərqi Asiya üçün İqtisadi Tədqiqatlar İnstitutunun, Təbiət və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın və Davamlı İnkişaf üzrə Beynəlxalq Biznes Şurasının nümayəndələri də iştirak edib.