BAKI, 16 aprel - Sputnik. Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bəyanatda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib.
Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış ediblər:
“Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür.
“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir.
Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur.
Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir.
Biz, xaricdə yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik.
Biz, xaricdə yaşayan azərbaycanlılar, dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.