BAKI, 14 aprel - Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir müavini çıxışında ölkəmizin MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət başçıları, o cümlədən xarici işlər nazirlikləri səviyyəsində məhsuldar qarşılıqlı fəaliyyətin davam etdirilməsinə əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Mövcud çətin beynəlxalq şəraitdə MDB ölkələrinin xüsusən təhsil, elm, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində əməkdaşlığı genişləndirməkdə davam etdirdiyi diqqətə çatdırılıb.
Nazir müavini daha sonra Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələrdən, erməni əsilli əhalinin reinteqrasiyası prosesindən bəhs edib.
Azərbaycan tərəfindən atılan müsbət addımların fonunda Ermənistanın əksinə vəziyyəti gərginləşdirməkdə davam etdiyini bildirən nazir müavini qarşı tərəfin müxtəlif təxribat xarakterli hərəkətlərdən istifadə etməklə Azərbaycanın və bütövlükdə beynəlxalq ictimaiyyətin iki ölkə arasında sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl səylərini sarsıtmaq cəhdlərindən söz açıb. Bu xüsusda, nazir müavini aprelin 11-də Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olduğunu və yaralandığını bildirib.
Nazir müavini beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda Ermənistanın bu kimi təxribatlarının sülh prosesində maraqlı olmadığının bariz nümunəsi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, bu sərvətlərin Ermənistana daşınması və sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb. Suveren Azərbaycan ərazilərində bu kimi fəaliyyətlərin Azərbaycan dövlətinin təhlükəsizliyinə və bütövlüyünə ciddi təhlükə yaratdığını bildirib.
Bu xüsusda, nazir müavini Azərbaycanın Ermənistandan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının, eləcə də Praqa və Soçi razılaşmalarının bütün müddəalarının, xüsusən də qeyri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması, habelə nəqliyyat kommunikasiyalarının açılması, dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesinin davam etdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmasını gözlədiyini vurğulayıb.