BAKI, 14 aprel — Sputnik. Milli Məclisin dünən keçirilən iclasında vətəndaş nikahında uşaq dünyaya gətirənlərin məsuliyyəti məsələsi gündəmə gətirilib. Belə məsuliyyətin müəyyən olunması təklifi ilə deputat Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz: "Əgər bu adamlar vətəndaş nikahında yaşayırlarsa, onda buna hər hansı rəmsi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır".
"Vətəndaş nikahından çoxsaylı uşaqlar dünyaya gəlir. Onların sağlamlıqları hansı şəkildə qorunmalı, həyata keçirilməlidir, bunun mexanizmi tapılmalıdır", - deyə deputat bildirib.
Fəzail Ağamalı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaş nikahından dünyaya gələn uşaqların sağlamlığının qorunması üçün belə nikahlardan öncə tibbi müayinələrin aparılması məcburi olmalıdır: "Vətəndaş nikahı ilə ailə quranların övladları dünyaya gəlir. Bu uşaqlarda müxtəlif qan xəstəlikləri, təhlükəli infeksion xəstəliklər meydana çıxır. Bunun səbəbi vətəndaş nikahı ilə evlənənlərin nikahdan öncə tibbi müayinədən keçməməsidir".
F. Ağamalı qeyd edib ki, rəsmi nikahlarda nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsini məcburi edən qanunun qəbulu xəstə doğulan uşaqların sayını azaldıb.
Deputat bildirib ki, qanuna vətəndaş nikahları bağlayan şəxslərin də tibbi müayinədən keçirilməsi mütləq şəkildə salınmalıdır: "Bunun bir yolu tapılmalı, qanuna əlavə olunmalıdır. Çünki, bunun əziyyətini sonda uşaqlar çəkir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyri-rəsmi nikahlardan daha çox xəstə uşaqlar dünyaya gəlir. K. Ağazadə deyir ki, bəzən narkotik aludəçilərinin qeyri-rəsmi cinsi münasibətindən əqli geriliyi olan uşaqlar doğulur. O, bildirib ki, İİV və digər təhlükəli xəstəliklərin də vətəndaş nikahları zamanı uşaqlara ötürülmə riski böyükdür:
"Bizim sığınacağımıza vətəndaş nikahlarından doğulan uşaqlar yerləşdirilib ki, onların arasında valideynləri narkoman olanlar var. Həmin uşaqlarda əqli gerilik müşahidə olunur. Nikahdan öncə müayinə təhlükəli, qanla ötürülən xəstəliklərin uşaqlara keçmə riskini azaldır. Cütlüklər biləndə ki, bu izdivacdan xəstə uşaq doğula bilər, onlar hətta münasibətlərini rəsmiləşdirməkdən imtina edirlər. Yaxud bunu öncədən biləndə həkim nəzarəti altında müəyyən tədbirlər görülür ki, xəstəlik uşağa keçməsin. Ona görə də biz vətəndaş nikahlarında da tibbi müayinəni məcburi etməliyik".
K. Ağazadə deyir ki, bu praktik baxımdan mümkün olmasa da, maarifləndirmə yolu ilə mümkündür.
"Biz çalışmalıyıq ki, Fəzail Ağamalının bu təklifini dəstəkləyək və bu mövzunu aktuallaşdıraq. Gənclərə təbliğ olunmalıdır ki, hətta vətəndaş nikahı bağlasalar da, öncə tibbi müayinədən keçsinlər. Bu gələcəkdə xəstə doğulacaq uşaqların sayını azaldacaq", - deyə Birlik sədri söyləyib.
O, həmçinin bildirib ki, nikahdan öncə cütlüklər narkotik testindən də keçirilməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanuna görə, 2015-ci ilin iyul ayının 1-dən nikaha daxil olan şəxslər tibbi müayinədən keçməlidirlər. Nikaha daxil olmaq istəyən şəxslərdə hemoqlobinopatiyalar,böyük beta-talassemiya, aralıq beta-talassemiya,drepanotalassemiya, oraqvari hüceyrəli anemiya,İİV/QİÇS, sifilis müayinələr aparılır.
Mütəxəssislər də hesab edirlər ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirlməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır.