BAKI, 14 aprel — Sputnik. 2023-cü ildə dünyanın ən çox sanksiyasına məruz qalan ölkəsi olan Rusiya iqtisadiyyatının artması proqnozlaşdırılır.
Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Kütləvi İnformasiya Vasitələri ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov öz "Telegram" kanalında qeyd edib.
O bildirib ki, Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən bəzi Qərb dövlətlərində əks vəziyyət müşahidə olunub.
"Qərb sanksiyalarının paradoksları: Almaniya üçün 2023-cü ilə görə proqnoz: - ÜDM-in 0,1%-i, Böyük Britaniya üçün: - 0,3%. Dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi mövqeyində olan Rusiya üçün + 0,7% proqnoz Fransa və İtaliya ilə eynidir. Burada sual yaranır: sanksiyalar kimə qarşı tətbiq edilib", - deyə Puşkov yazıb.
Senatorun sözlərinə görə, Almaniya və Böyük Britaniyada ÜDM-in proqnozlaşdırılan azalması fonunda belə bir fikir yaranır ki, məhdudlaşdırıcı tədbirlərə Rusiya deyil, məhz bu iki məruz qalıb.
Bu yaxınlarda G7 ölkələrinin maliyyə nazirləri, eləcə də onların mərkəzi banklarının rəhbərləri birgə bəyanatda qeyd ediblər ki, qrupa daxil olan dövlətlər Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə davam edəcəklər.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.