BAKI, 14 aprel — Sputnik. Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danışıqlara qayıtmalı, açıq ünsiyyət qurmalı, üçtərəfli bəyanatda yer alan öhdəliklərə əməl etməlidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter"də yazıb.
O bildirib ki, Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı və təxribatçı addımlar atmamalıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.