BAKI, 14 aprel — Sputnik. "Azəristiliktəchizat" ASC-nin cari qış mövsümündə görülən tədbirləri açıqlayıb. Qeyd olunub ki, yola saldığımız payız qış mövsümündə 4470 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub, 28 ədəd qazan aqreqatı, 22 dəst istilik mübadilə, 31 ədəd kimyəvi su yumşaltma qurğuları təmir olunub.
Cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verib. 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilib.
İstifadə olunan istilik enerjisinin dəyərinin ödənilməsi haqqında
2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib. Noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil edib. Qeyd olunub ki, buna baxmayaraq bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb.
"Əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır. Görülən işlər nəticəsində son mövsüm ərzində keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9%) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur", - deyə qurumun məlumatında bildirilib.
Sayğaclaşma haqqında
“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səməriliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlayıb.
Bu məqsədlə ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılmış və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılmasına başlanılıb.
Qeyd olunub ki, layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatıdırlmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaq.
"Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülməkdədir və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb və artıq sayğacların yenilənməsi işlərinə başlanıb", - deyə qurumun məlumatında bildirilib.
İstilik sayğacları quraşdırılmadığı hallarda qiymətlərin hesablanması mexanizmi
Qurumdan bildirilib ki, hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadrat metr yaşayış sahəsinə görə, qeyri əhali istehlakçıları üçün binanın 1 kub metr tikinti həcminə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır.
İşğaldan azad olunan ərazilərin istilik infrastrukturunun yaradılması ilə bağlı görülən işlər haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilmişdir və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat" ASC-ə həvalə edilib. "İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunda təmsil olunan "Azəristiliktəchizat" ASC Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.
Mövsüm ərzində Şirkətin kommersiya fəaliyətinin genişləndirilməsi məqsədilə xidmət sahələrinin yaradılması istiqamətin araşdırma aparılıb və yeni 7 istiqamətdə xidmətlər təklif edilir:
Qazanxana və ya istilik məntəqəsinin xidmət müqavilələri əsasında istismarı,
İstilik sistemlərinin layihələndirmə və dizayn xidməti, istilik sistemlərinin auditi xidməti,
Avtomatika və ölçü cihazlarının təmiri, sazlanması xidməti,
İstilik sistemlərinin ödənişli təftişi, mexaniki və ya elektrik avadanlıqlarının təmiri və sazlanma xidmətləri,
Mənzildaxili istilik sistemlərinin ödənişli təmiri xidmət,
Binadaxili istilik sistemlərinin ödənişli təmiri xidmət,
İstilik sistemləri üzrə təlim – tədris və sertifikatlaşdırma xidməti.
Bundan başqa, yeni xidmətlərin təkmilləşdirilməsi üçün şirkətin rəhbər heyətindən və mütəxəssislərindən ibarət komissiya yaradılıb.
Əməkdaşlıq üçün xidmet@azeristilik.gov.az elektron ünvanına və ya 956 “Çağrı mərkəzi”nə müraciət edərək əlavə məlumat əldə edə bilərsiniz.
İşə qəbul prosesində şəffaflığın təmin olunması məqsədilə vakant yerlərə namizədlər test və müsabiqə yolu ilə aparılır. İxtisasa uyğun kadrların seçilməsi üçün iş elanları mütəmadi olaraq rəsmi internet səhifəmizdə və sosia şəbəkə hesablarında yerləşdirilməkdədir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər
“Azəristiliktəchizat” ASC vətəndaşların müraciətlərinin vaxtında qəbul edilməsi və işlənilməsini təmin etmək məqsədilə 956 “Çağrı Mərkəzi”nin fəaliyyətini müasir avadanlıqlar və texnologiyalar tətbiq etməklə daha da təkmilləşdirmiş, analoq sistemdən rəqəmsal sistemə keçid edilib. Zənglərdə növbəlilik sistemi təmin edilib, 20 zəngi eyni anda qəbul etmə imkanı yaradılıb.
2022-2023-cü illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC “Çağrı Mərkəzi” vasitəsilə 12 400 vətəndaş müraciəti qəbul edilib. Bunlardan 8502-i istilik və isti su təchizatı xidmətləri, 1499-u borcla əlaqədar, 2399-u isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 27 fevral tarixli 185 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9.4-cü bəndi əsasında yaradılan Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiya edilmişdir. "Azəristiliktəchizat" ASC-nin Kommunal Xidmətlər ilə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiyası istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.