BAKI, 13 aprel — Sputnik. Aprelin 15-22-29-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq.
Teatrın bədii rəhbəri Tərlan Qorçunun sözlərinə görə, tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir.
İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Məlumat üçün bildirək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında "Leyli və Məcnun" operasını yazıb. Rejissorun sözlərinə görə, opera Marionet Teatrının repertuarında xüsusi yer tutur: "1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirildi, 2013-cü ildən isə "İşərişəhər" Baş İdarəsinin strukturuna daxil edildi.
Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini "Leyli və Məcnun" tamaşasının quruluşuna yönəldə bilmişdi. 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi.
"Leyli və Məcnun" muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnilib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.