BAKI, 13 aprel — Sputnik. Səmərqənddə Əfqanıstan üzrə regional "dördlüyün" görüşü başlayıb. Tədbirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin xarici işlər naziri Tsin Qan, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Pakistanın xarici işlər üzrə dövlət naziri Rabbani Xar iştirak edirlər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" səhifəsində məlumat verib.
"Səmərqənddə Rusiya, İran, Çin və Pakistan xarici işlər nazirlərinin Əfqanıstan üzrə regional "dördlük" görüşü keçirilir", - deyə Zaxarova qeyd edib.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstandakı vəziyyətin uzun sürən böhran xarakteri daşıdığını bildirib.