BAKI, 13 aprel — Sputnik. Pentaqonun sənədlərinin sosial şəbəkələrdə sızmasından sonra üzə çıxan Kiyevin uğurlu əks-hücum əməliyyatı həyata keçirmək qabiliyyətinə dair ABŞ-ın qiymətləndirməsi Ukrayna hakimiyyətini qəzəbləndirib.
Bu barədə "Politico" nəşri yazır.
"Fevral ayında Ukraynanın planlaşdırılan əməliyyatdan yalnız "təvazökar ərazi faydaları" alacağına dair ABŞ-ın "tam məxfi" qiymətləndirməsi ukraynalı yüksək vəzifəli məmurları xüsusilə qəzəbləndirib", - məqalədə deyilir.
Ukrayna Müdafiə Nazirliyindəki mənbələr qeyd ediblər ki, bu cür qiymətləndirmələr ABŞ-ın Kiyevin məqsədlərinə nə dərəcədə ciddi dəstək verdiyinə dair "şübhələrə əsas verir".
"Ukraynanın əks-hücumda hərbi şanslarına şübhə etməyə davam edən bəzi insanlar var, ancaq biz hamının səhv olduğunu sübut etdik. Ukraynanın şansları ilə bağlı proqnozları "həqiqətə uyğun deyil", - deyə mənbə bildirib.
Kiyevdə zənn edirlər ki, internetə sızdırılmış məxfi sənədlər ABŞ-ın Kiyevin hərbi imkanlarını növbəti dəfə lazımınca qiymətləndirmədiyini göstərir.
"Kiyevin üç gündən sonra yıxılacağını deyən eyni insanlar indi bütün azad dünya üçün kritik əhəmiyyətli olan hücum ərəfəsində zərərli və eyni dərəcədə gülünc məlumatlar sızdırırlar", - deyə qəzetin mənbəyi bildirib.
"Politico"nun məlumatlarına görə, bu fikir Ukrayna hökumətində geniş yayılıb.
"Şərhlər açıq şəkildə göstərir ki, ABŞ və Ukrayna hər iki ölkənin iddia etdiyi kimi sinxronlaşdırılmayıb. Bu, bir neçə ay davam edən həlledici hərbi əməliyyatlar ərəfəsində Vaşinqton və Kiyev arasında etimadın azalmasından xəbər verə bilər", - nəşr qeyd edib.
"The Washington Post" qəzeti bu yaxınlarda yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaza planlaşdırdığı əks-hücumu hava şəraiti, xaricdən silahların tədarükünün ləng olması və sursat çatışmazlığı səbəbindən təxirə salınıb. Nəşr onu da qeyd edir ki, Pentaqonun məxfi sənədlərinin internetə sızması ilə əlaqədar Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov bildirib ki, Pentaqonun iddia edilən məxfi materiallarının sızması Kiyevin əks-hücum məsələsində hərbi strategiyasına təsir etməyəcək.
Xatırladaq ki, ötən həftə mediada və sosial şəbəkələrdə ABŞ kəşfiyyatının məxfi sənədləri ortaya çıxıb. Ümumilikdə, ABŞ-ın Ukrayna, Çin və Yaxın Şərqlə bağlı milli təhlükəsizliyi, həmçinin Vaşinqtonun müttəfiqləri və düşmənlərinin müşahidəsi ilə bağlı 100-dən çox fayl dərc edilib.