MƏDƏNİYYƏT

Odessa operasının baş dirijoru Azərbaycan teatrındakı çıxışına görə işdən çıxarılıb

Vyaçeslav Çernuxo-Voliç aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Bohema" tamaşasında qonaq dirijor kimi çıxış edib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru Vyaçeslav Çernuxo-Voliç rusiyalı opera müğənnisi, Rusiyanın Xalq artisti Anna Netrebkonun əri Yusif Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çıxış etdiyi üçün vaxtından əvvəl vəzifəsindən azad edilib.
Bu barədə Ukrayna teatrı məlumat yayıb.
Odessa Milli Operasının administrasiyası müqaviləyə vaxtından əvvəl xitam verildiyini və teatrın baş dirijoru Vyaçeslav Çernuxo-Voliçin vəzifəsindən azad edildiyini elan edib. Müqavilənin ləğv edilməsinə səbəb cənab Voliçin, bu günlərdə kadr dəyişikliyi olan və Yusif Eyvazovun direktor təyin olunduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı tamaşanın dirijorluğu ilə bağlı Odessadakı teatr direktorluğu ilə razılaşdırılmamış şəxsi qərar qəbul etməsi olub", - deyə teatrın saytında yerləşdirilən məlumatda bildirilir.
Həmçinin, əlavə edilib ki, teatr rəhbərliyi milli operanın baş dirijorunun bu cür hərəkətlərini yolverilməz hesab edir.
Qeyd olunub ki, Çernuxo-Voliç aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Bohema" tamaşasında qonaq dirijor kimi çıxış edib.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Yusif Eyvazov 7 aprel 2023-cü il tarixdən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov isə yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmadığı üçün 3 aprel 2023-cü il tarixdə işdən çıxarılıb.