BAKI, 13 aprel — Sputnik. Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətindədir. Bu barədə Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşündə bildirilib.
Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi qeyd edilib.
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edilib.
Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulanıb.
***
"Bu gün bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
Müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq.
"Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq", - deyə dövlət başçısı bildirib.
***
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb.
Əvvəlcə rəsmi foto çəkdirilib.
Qeyd edək ki, Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.
Dövlət başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.